Apple istifadəçilərinə xəbərdarlıq edildi

31.10.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Apple” şirkətinin bəzi cihazlarında istifadəçilərin məlumatlarının təhlükəsizliyini təhdid edən kritik boşluq aşkarlanıb.
Bizim.Media xəbər verir ki, Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) bununla bağlı istifadəçilərə xəbərdarlıq edib.
Məlumata görə, “CVE-2026-86950” identifikatoru ilə qeydə alınan təhlükəsizlik boşluğu “iOS”, “iPadOS” və “macOS” əməliyyat sistemlərinin müəyyən versiyalarına təsir edir.
Problemin təsvir və digər faylların emalına cavabdeh olan “CoreGraphics” komponentindəki çatışmazlıqdan qaynaqlandığı bildirilir. Xüsusi hazırlanmış zərərli faylın açılması hücumçulara cihazda istənilən kodu icra etmək imkanı yarada bilər. Bu isə cihazın təhlükəsizliyinin pozulmasına və istifadəçi məlumatlarının icazəsiz əldə edilməsinə səbəb ola bilər.

“Apple” şirkətinin açıqlamasına əsasən, sözügedən boşluqdan konkret şəxslərə qarşı həyata keçirilən hədəfli hücumlarda istifadə edilmiş ola bilər. Şirkət hücumların detalları barədə məlumat verməsə də, problemi aradan qaldırmaq üçün təhlükəsizlik yeniləmələri yayımlayıb.

Milli Kibertəhlükəsizlik Agentliyi istifadəçilərə iPhone, iPad və Mac cihazlarının əməliyyat sistemlərini ən son versiyaya yeniləməyi, avtomatik yeniləmələri aktivləşdirməyi, eləcə də naməlum və etibarsız mənbələrdən əldə edilən faylları açmamağı tövsiyə edib.
Agentlik cihazların təhlükəsizliyini təmin etmək üçün mövcud yeniləmələrin dərhal quraşdırılmasının vacibliyini vurğulayıb.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью