AQEM in Bakı Zirvəsinin iştirakçıları XİN də

17.10.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Oktyabrın 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay ilə görüşüb.

Görüş zamanı tərəflər oktyabrın 15-də Bakıda keçirilmiş AQEM-in VII Sammitinin nəticələri, Azərbaycanın 2024–2026-cı illər üzrə AQEM-ə sədrliyi çərçivəsində həyata keçirilən fəaliyyət, Azərbaycan sədrliyinin və təşkilatın qarşıdakı dövr üçün prioritetləri, institusional inkişafı ətrafında fikir mübadiləsi aparıblar.

VII Sammitin Azərbaycanın sədrliyi ilə uğurla keçirilməsinin, Asiya məkanında dialoqun, qarşılıqlı anlaşmanın və etimadın möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Sammitin yekunlarının təşkilatın fəaliyyətinin daha da gücləndirilməsinə, üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə və ortaq çağırışlara qarşı birgə yanaşmaların təşviqinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Sammitin yekun sənədləri üzrə əldə olunmuş razılaşmaların AQEM-in fəaliyyətinin gələcək istiqamətlərinin müəyyənləşdirilməsi və təşkilatın praktiki nəticəyönümlülüyünün artırılması baxımından əhəmiyyəti vurğulanıb.

Tərəflər Azərbaycanın çoxtərəfli diplomatiya sahəsində zəngin təcrübəsini və beynəlxalq təşkilatlarda uğurlu sədrliyini qeyd edərək, ölkəmizin AQEM-ə sədrliyinin təşkilatın beynəlxalq rolunun və nüfuzunun artırılmasına, üzv dövlətlər arasında əməkdaşlıq imkanlarının genişləndirilməsinə, eləcə də etimad quruculuğu tədbirlərinin təşviqinə yönəldiyini vurğulayıb.

Baş katib Kayrat Sarıbay AQEM-in VII Sammitinin yüksək səviyyədə təşkilinə və Azərbaycanın sədrliyi dövründə təşkilatın fəaliyyətinə verdiyi töhfələrə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. O, həmçinin Baş katib vəzifəsində fəaliyyəti ərzində, son altı il müddətində göstərilən dəstəyə görə ölkəmizə təşəkkürünü ifadə edib.

Kayrat Sarıbay Azərbaycanın sədrliyinin AQEM-in inkişafı, təşkilat çərçivəsində əməkdaşlığın genişləndirilməsi və üzv dövlətlər arasında etimadın möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

***

Həmin gün xarici işlər naziri Ceyhun Bayramov sammit çərçivəsində Banqladeşin xarici işlər üzrə dövlət naziri Humayun Kabir ilə də görüşüb.

Görüşdə AQEM-in VII Sammitinin uğurlu nəticələri məmnunluqla qeyd olunub, Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Tərəflər Azərbaycan və Banqladeş arasında siyasi dialoqun və qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayaraq, ikitərəfli əlaqələrin müxtəlif istiqamətlər üzrə genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər. Diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi barədə razılaşmanın əhəmiyyəti vurğulanıb. Enerji, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafı, bu istiqamətlərdə mövcud imkanlardan səmərəli istifadə edilməsi və xalqlar arasında əlaqələrin gücləndirilməsi məsələlərinə toxunulub.

***

Dünən xarici işlər naziri Ceyhun Bayramov Bakıda Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Herat ilə də görüşüb.

Nazirlər Azərbaycan–Şri-Lanka ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri barədə geniş fikir mübadiləsi aparıb, siyasi dialoqun gücləndirilməsinin, idarələrarası müntəzəm siyasi məsləhətləşmələrin davam etdirilməsinin, qarşılıqlı səfərlərin və müxtəlif səviyyələrdə təmasların təşviq edilməsinin vacibliyini vurğulayıblar.

Onlar ikitərəfli əməkdaşlığın şaxələndirilməsi imkanlarını araşdırıb, turizm, enerji, təhsil, humanitar mübadilə və xalqlararası əlaqələrə xüsusi diqqət yetiriblər. Nazirlər, həmçinin tələbə mübadiləsinin genişləndirilməsinin, təqaüd imkanlarının araşdırılmasının və diplomatların peşəkar hazırlığı sahəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью