525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun yubileyi ilə bağlı tədbirə Kənd Təsərrüfatı Nazirliyinin, Yeni Azərbaycan Partiyasının, ölkənin elmi-tədqiqat və ali təhsil ocaqlarının təmsilçiləri, ziyalılar, tələbə-gənclər qatılıblar.
525.az xəbər verir ki, tədbirin əvvəlində yubilyarın ömür və elmi fəaliyyət yolu haqda məlumat verilərək, bildirilib ki, İbrahim Həsən oğlu Cəfərov 20 yanvar 1956-cı il tarixində Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Düdəngə kəndində anadan olub. 1974–1976-cı illərdə keçmiş Sovet Ordusu sıralarında hərbi xidmət keçib, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda oxuyub və K. A. Timiryazyev adına Moskva Kənd Təsərrüfatı Akademiyasında aspirantura təhsili alıb, 1989-cu uldə namizədlik, 2006-cı ildə doktorluq dissertasiyası müdafiə edib, 2010-cu uldə professor dərəcəsi alıb, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib.
İbrahim Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetində dekan, prorektor, 2013–2022-ci illərdə isə rektor vəzifələrində çalışıb. O, hazırda Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktorudur.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 7 noyabr 2016-cı il tarixli Sərəncamı ilə kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə İbrahim Cəfərov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. O, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Azərbaycan Dövlər Universitetinin 100 illiyi yubiley medalları ilə təltif edilib.
Alim 178 elmi əsərin, dərslik və dərs vəsaitinin, tədris proqramlarının, eləcə də müxtəlir bitkilər üzrə 4 sortun yaradılmasının müəllifi və ya həmmüəllifidir. Onun elmi rəhbərliyi altında bir sıra doktorluq və fəlsəfə doktorluğu müdafiə edilmişdir.
Yubiley tədbirindəki ilk çıxışda Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov professor İbrahim Cəfərovu təbrik edib, onun Azərbaycan aqrar elm və təhsilinin görkəmli nümayəndələrindən olduğunu, bu sahədə kadrların yetişdirilməsinə böyük əmək sərf etdiyini vurğulayıb.
O, Kənd Təsərrüfatı nazirinin imzaladığı təşəkkürnaməni də yubilyara təqdim edib.
AMEA-nın Vitse- prezidenti, AR ETN Moyekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova çıxışında ölkəmizin inkişaf perspektivlərinin şərtlərindən biri kimi, aqrar elm və təhsilin səviyyəsinin yüksəldilməsinin strateji əsaslarının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, müasir zəmanəmizdə bu sahələrin ölkə prezidenti Cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə edildiyini bildirib və bu yanaşmaların nəticəsi kimi Azərbaycanda aqrar elmin nəzəriyyə və əməli məsələləri üzrə güclü məktəbinin təşəkkül tapdığını və bu işdə professor İ. Cəfərovun da əməyi olduğunu vurğulayıb.
İ. Hüseynova yubilyara AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin salamlarını da çatdırıb və onun imzaladığı Fəxri fərmanı təqdim edib, həmçinin Azərbaycan alimlərinin son illərdə çap olunmuş elmi kitablarını da İbrahim Cəfərovun rəhbərlik etdiyi Elmi-tədqiqat institutuna bağışlayıb.
AMEA-nın Rəyasət Heyətini üzvü, Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev də təbrik nitqi söylətyb. O, bugünkü yubiley tədbirinin ev sahibi qismində, Gəncənin bu başlıca elm ocağının kollektivi adından qonaqları salamlayıb, yubilyara təbriklərini və ən xoş arzularını çatdırıb.
Akademik Fuad Əliyev həmçinin elmimiz və cəmiyyətimizin tərəqqisi naminə alimlərimizin qarşısında duran vəzifələrdən danışıb və bu xüsusda, ölkə başçısı cənab İlham Əliyevin çıxışlarında səslənən tezislərin şərəflə həyata keçirilməsi üçün ziyalılarımızın dövlətçiliyimizin möhkəmləndirilməsinə öz töhfələrini daha da artırmalarının vacibliyini bildirib. O, professor İbrahim Cəfərovun özünün həyat və fəaliyyəti ilə məhz bu baxımdan örnək sayılacaq alimlərimizdən olduğunu qeyd edib.
Akademik Fuad Əliyev yubilyara Gəncə Bölməsi adından bugünkü görşdən yadigar qalacaq hədiyyələr də təqdim edib.
Aqrar, Ekologiya və Su təsərrüfatı Həmkarlar İttifaqı İşçiləri Respublika Birliyinin sədrinin müavini Fuad Məmmədov da çıxışında professor İbrahim Cəfərovu müasir aqrar elmimizə öz samballı töhfələrini vermiş alim, daim ictimai fəallığı ilə seçilmiş ziyalı, xeyirxah və cəsrətli insan kimi xarakterizə edib.
YAP Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov alimi partiyanın mərkəzi aparatı adından təbrik edib. YAP-ın sıralarının möhkəmləndirilməsi üzrə səmərəli fəaliyyətinə görə ona Fəxri Fərman təqdim edib.
Yubiley tədbirində həmçinin Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, AR ETN Botanika İnstitutunun direktoru vəzifəsini icra edən, professor Səyyarə İbadullayeva, Gəncə Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor, Vaqif Novruzov, Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi-tədqiqat İnstitutunun direktoru Günel Seyidzadə, Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Anar Hətəmov çıxış edərək, alimin müasir Azərbaycan, eləcə də dünya aqrar elminə töhfələrindən, daimi ictimai-siyasi fəal mövqeyindən, həyatda onunla görüşlərdə şahidi olduqları insani keyfiyyətlərindən danışıblar, öz təbrik və ürək sözlərini, xoş arzularını çatdırıblar, çalışdıqları qurumlar adından hədiyyələr təqdim ediblər.
Tədbirin sonunda AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bu böyük və yaddaqalacaq görüş üçün Gəncəyə digər şəhərlərimizdən təşrif buyurmuş qonaqlara, Nizami yurdunda fəaliyyət göstərən alim həmkarlarına, tədbirə ev sahibliyi üçün AMEA-nın Gəncə Bölməsinə və onun rəhbəri, akademik Fuad Əliyevə, bütün təşkilati heyətə dərin minnətdarlıq hissləri izhar edib. Professor İ. Cəfərov Vətənimizin daha da çiçəklənməsi naminə, Azərbaycan alimlərinin cərgəsində, ölkə rəhbərinin strateji xəttinə daim sadiqliklə xidmət edəcəyini bildirib.
Zakir Muradov,
Gəncə