Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Əkinçilik və heyvandarlığın əksər sahələrinə dövlət maliyyə dəstəyi artacaq
Aqrar Subsidiya Şurasının qərarına əsasən ölkə Prezidentinin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılması, müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, emal və ixrac yönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, eləcə də ölkənin ərzaq təminatının gücləndirilməsi hədəflərinə uyğun olaraq yeni subsidiya mexanizmləri və subsidiya şərtlərində dəyişikliklər təsdiq edilib.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, yeni qərar bitkiçiliklə yanaşı, heyvandarlıq və balıqçılıq sahələrində də bir sıra yeni subsidiyaların tətbiqini nəzərdə tutur. Şuranın qərarı ilə taxıl əkinləri üzrə subsidiya məbləğləri suvarma üsulu və istehsalın ixtisaslaşması nəzərə alınmaqla diferensiallaşdırılıb. Belə ki, Dövlər Proqramına əsasən, 22 ixtisaslaşmış rayonda müasir suvarma altında buğda əkininə ənənəvi suvarma və ya dəmyə üsulu ilə aparılan əkinlərdən 2 dəfə artıq, hər hektara görə 400 manat subsidiya ödəniləcək. Ənənəvi suvarma və dəmyə əkini altında olan taxıl sahələri üzrə isə bu məbləğ hər hektar üçün 200 manat müəyyən edilib.
Bundan əlavə, müasir suvarma altında olan sahələrdə hər hektara ödənilən əkin subsidiyası kartof və tərəvəzlə yanaşı noxud, lobya və digər paxlalılar üçün 500 manata, bostan bitkiləri üçün isə 310 manata çatdırılıb. Dağlıq rayonlarda, eləcə də Naxçıvan Muxtar Respublikasında aparılan kartof və tərəvəz əkinlərinə ödənilən subsidiya müasir suvarma ilə təmin edilən sahələr üçün hər hektara görə 600 manat, digər sahələr üçün isə 400 manat ödəniləcək.
Nazirliyin məlumatına əsasən, torpaq və su resurslarından daha səmərəli istifadə etmək məqsədilə lazer hamarlama texnologiyasından istifadə edən fermerlərə daha artıq subsidiya veriləcək. Bütün suvarılan ərazilərdə bir parseldə azı 5 hektar buğda əkinindən əvvəl sahədə lazer hamarlama tətbiqinin ilk ilində əkin subsidiyası hektara görə 250 manat artırılaraq ödəniləcək. Pambıqçılıq rayonlarında azı 5 hektar pambıq əkinindən əvvəl lazer hamarlama tətbiqinin ilk ilində məhsul subsidiyası hər ton üçün 50 manat artırılaraq veriləcək.
Şuranın qərarına əsasən, ölkədə istixana təsərrüfatlarının modernləşdirilməsi və yüksək texnologiyalı istixanaların yaradılmasının təşviqi nəzərdə tutulur. Bu məqsədlə istixananın texnoloji səviyyəsinə və örtük materialına uyğun olaraq hər hektar əkinə görə 500 manatdan 5 min manatadək əkin subsidiyası müəyyən edilib.
Yüksək əlavə dəyər və ixrac potensialına malik yeni bitkilərin əkininin təşviqi məqsədilə bağçılıq subsidiyalarının əhatə dairəsi də genişləndirilib. Yeni salınmış aroniya bağlarının və açıq sahədə efir yağı istehsalı məqsədilə qızılgül əkinlərinin hər hektarına görə müvafiq olaraq 7 min 500 manat və 6 min manat subsidiya veriləcək.
Bununla yanaşı, kiçik şərabçılığın inkişafı da yeni dövlət dəstəyi istiqamətlərindən biri olacaq. Bu məqsədlə yerli üzüm sortlarından premium şərab istehsalı, aqroturizmin inkişafı və ixracyönümlü mikrobrendlərin yaradılması təşviq ediləcək. Təqdim edilən modeldə 5-20 hektar olmaqla super-intensiv və intensiv üzüm bağlarının hər hektarı üçün müvafiq olaraq 20 min manat və 10 min manat bağçılıq subsidiyası nəzərdə tutulur.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, bu ildən etibarən bağların salınması zamanı fermerlərin subsidiya əldə etməsini asanlaşdırmaq məqsədilə bəzi mövcud tələblər sadələşdirilib. Bütün ölkə üzrə bağların salınması zamanı sertifikatlı ting tələbi saxlanılmaqla torpağın elektrik keçiriciliyi – EC və viruslardan azadolma ilə bağlı analiz tələbi aradan qaldırılır. İntensiv texniki və süfrəlik üzüm bağlarına verilən bağçılıq subsidiyası bütün ölkə ərazisinə şamil edilir. İntensiv zeytun bağlarında minimum sahə tələbi 50 hektardan 5 hektara, Naxçıvan Muxtar Respublikasında isə 1 hektara endirilir.
Eyni zamanda, intensiv püstə bağları üzrə yüksəklik həddi 1000 metrədək artırılır. Qarabağ və Şərqi Zəngəzurda nar üzrə minimum yüksəklik tələbi ləğv edilir, zeytun üzrə maksimal yüksəklik 300 metrədək artırılır, Naxçıvanda isə qoz bağları üzrə minimum yüksəklik tələbi aradan qaldırılır. Bununla yanaşı, pambıq üzrə məhsul subsidiyası da istifadə olunan suvarma texnologiyasına uyğun diferensiallaşdırılaraq artırılıb.
Yeni qərara əsasən, aqrar emal sənayesinin xammal təminatının yaxşılaşdırılması məqsədilə yeni məhsul subsidiyaları tətbiq ediləcək. Belə ki, emal müəssisəsinə təhvil verilən texniki üzümün, zeytunun, xurmanın və taxta qabıqlı badamın hər tonuna görə 30-50 manat subsidiya müəyyən edilib.
Ölkədə ərzaqlıq buğda proqramı davam etməklə birlikdə buğda üzrə ixtisaslaşmış 22 rayonda lazer hamarlama tətbiq edilən sahələrdə istehsal edilərək dəyirmanlara təhvil verilən buğdanın hər tonuna görə 40 manat məhsul subsidiyası ödənilcək. Naxçıvan MR üzrə isə bu məbləğ 50 manat müəyyən edilib.
Yerli toxumçuluğun inkişafı məqsədilə super-elit toxum istehsal edən fermerlərə əkin subsidiyası yüksək əmsalla ödəniləcək. Yerli super-elit buğda və arpa toxumçularına əkin subsidiyası 470 manat, xarici mənşəli super-elit buğda və arpa toxumçuluğuna isə 300 manat artıq ödəniləcək. Bununla yanaşı, buğda və arpa üzrə sertifikatlı toxumdan istifadə tələbi 5 hektara endirilib.
2026-2027-ci əkin mövsümündə sertifikatlı toxum istifadə etməyən belə fermerlərin əkin subsidiyası 50 faiz azaldılacaq, növbəti mövsümdən isə subsidiya əmsalı sıfıra endiriləcək.
Aqrar Subsidiya Şurasının qərarı ilə əkin subsidiyasının alınması üçün sığortalanması tələb olunan bitkilərin siyahısında və onların əkin sahəsinin minimum ölçüsündə dəyişiklik edilib. Belə ki, əsas və təkrar əkin subsidiyasının əldə edilməsi üçün sığortalanmalı olan bitkilərin siyahısına arpa, buğda, çəltik, qarğıdalı ilə yanaşı günəbaxan əlavə edilmiş, əkin sahələrinin minimum ölçüsü isə 7 hektar olaraq müəyyən edilmişdir.
Bu ildən kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqların alınmasına tətbiq olunan güzəşt mexanizmlərinə də dəyişiklik edilib. Taxıl, pambıqyığan, yemyığan və yempaylayan kombaynlar, lazer hamarlayıcılar, soyuducu anbarlar, taxıl siloları, suvarma hovuzları üçün membranlar və aqrar istehsalda istifadə edilən günəş panelləri üzrə güzəşt tətbiq edilən hissə 50 faizədək artırılır.
Aqrar Subsidiya Şurasının yeni qərarında diqqətçəkən məqamlardan biri də ölkənin sərhədyanı ərazilərində kənd təsərrüfatı fəaliyyətinin davamlılığının təmin edilməsi üçün əlavə subsidiya mexanizminin tətbiqi ilə bağlıdır. Bu zaman siyahısı müəyyən edilmiş sərhədyanı yaşayış məntəqələrində əkinçilik fəaliyyəti ilə məşğul olan fermerlər üçün subsidiya əmsalı ölkə üzrə baza əmsalından 0,5 bənd yüksək hesablanacaq.
Şuranın qərarına əsasən, bu ildən balıqçılıqda ilk dəfə məhsul məhsul subsidiyasının tətbiqi nəzərdə tutulur. Akvakultura təsərrüfatlarının istehsal gücünün artırılması və özünütəminetmə səviyyəsinin yaxşılaşdırılması məqsədilə balıq növləri üzrə məhsul subsidiyası veriləcək. Ölkədə istehsal olunan qızılbalıqkimilər və nərəkimilər üzrə məhsul subsidiyası hər tona görə 2 min manat, çəkikimilər və naxakimilər üzrə isə 600 manat təşkil edəcək.
Artıq ölkədə süd istehsalının artırılması, süd emalı müəssisələrinin yerli xammalla təminatının yaxşılaşdırılması və bu sahədə uçotun təkmilləşdirilməsi məqsədilə süd üzrə yeni məhsul subsidiyası da tətbiq ediləcək. Belə ki, elektron kənd təsərrüfatı informasiya sistemində tədarükçü kimi qeydiyyatdan keçən süd emalı müəssisələrinə və südtoplama məntəqələrinə təhvil verilən soyudulmuş xam südün hər litrinə 7 qəpik, yaxud hər tonuna 70 manat subsidiya veriləcək. Kooperativlər vasitəsilə təhvil verilən süd üzrə subsidiya məbləği əlavə olaraq 20 faiz artırılacaq.
Eyni zamanda, intensiv iribuynuzlu heyvandarlığın təşviqi üçün yeni dəstək mexanizmi tətbiq ediləcək. 2026-cı il oktyabrın 1-dən sonra yaradılan intensiv təsərrüfatlarda südlük, südlük-ətlik və ətlik cins heyvanlara görə (hər baş üçün) müvafiq olaraq 1500 manat və 1000 manat subsidiya veriləcək.
Aqrar Subsidiya Şurasının qərarı ilə tətbiq edilən yeni dövlət dəstək mexanizmləri dövlət başçısının məlum sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən edilən hədəflərə uyğun olaraq müasir suvarmanın genişləndirilməsinə, yüksək dəyərli məhsulların istehsalına, emal sənayesinin yerli xammalla təminatına, ixrac imkanlarının artırılmasına, kənd təsərrüfatında rəqabətqabiliyyətliliyin yüksəldilməsinə və balıqçılıq və akvakultura sahələrinin inkişaf etdirilməsinə xidmət edəcək.
Mirbağır YAQUBZADƏ
XQ