“Aqrar sektorun dəstəklənməsi hər zaman dövlətimiz üçün prioritetdir, çünki...”

12.06.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi məqsədilə silsilə regional müşavirələr keçirilməkdədir.

Maraqlıdır, məlum proqramı ölkəmizin iqtisadi inkişafına, aqrar sektorun yüksəlişinə nə vəd edir?

Moderator.az-a açıqlama verən millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Aqrar sektor ərzaq təminatı və ərzaq təhlükəsizliyi, eləcə də iqtisadiyyatın inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Nəzərə almalıyıq ki, məşğul əhalinin 37%-i kənd təsərrüfatı sahəsində çalışır. Bu baxımdan, aqrar sektorun dəstəklənməsi hər zaman dövlətimiz üçün prioritetdir.

Dövlət Proqramında konkret istiqamətlər və hədəflər mövcuddur. Kənd təsərrüfatı məhsulunun ixracanın 4 dəfə artırılması, 6 milyard dollara çatdırılması əsas hədəflərdən biridir. Çünki qabaqcıl ölkələrin təcrübələri göstərir ki, aqrar sektor həm də xarici valyutanın daxil olması baxımından vacib sahələrdəndir. Dövlət Proqramı birmənalı şəkildə aqrar istehsalın artmasına və ixrac imkanlarının yüksəlməsinə gətirib çıxaracaq.

Aqrar sektorun inkişafı qiymətlərin optimallaşması baxımından da mühüm əhəmiyyət kəsb edir.  İdxaldan asılılığın aradan qaldırılması və daha çox yerli məhsulların istehsalı kənd təəsrüfatı məhsullarının optimallaşmasını təmin edə bilər. Bu isə qiymət artımına qarşı mübarizənin ən effektiv üsullarından biridir.

Bu baxımdan, cənab Prezident tərəfindən müşavirədə səsləndirilən tapşırıqlar, Dövlət Proqramında nəzərdə tutulan hədəflər növbəti dönəmdə bazarda kənd təsərrüfatı məhsullarının payının artmasına və idxaldan asılılığının azalmasına gətirib çıxaracaq”.

Seymur ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью