Aqşin Yenisey: “Alim əhliləşdirilmiş intellektualdır”

17.08.2026

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Yazıçı Aqşin Yenisey alim və intellektual anlayışları arasındakı fərqlə bağlı fikirlərini bölüşüb.

Gununsesi.info-nun xəbərinə görə, Yenisey Umberto Ekonun “Qızılgülün adı” romanını nümunə gətirərək bildirib ki, Ekonun doktorluq işi sonradan dil, üslub və struktur baxımından dəyişdirilərək romana çevrilib.

Onun sözlərinə görə, alim Ekonun elmi işi məhdud auditoriya üçün maraqlı olsa da, intellektual Ekonun yaratdığı roman geniş oxucu kütləsinə çatıb və müxtəlif dillərə tərcümə olunub.

Yazıçı hesab edir ki, alim “öz üzərində iş görülən”, intellektual isə “öz üzərində işləyən” insandır.

“Alim elmi rütbəyə görə öz mətnini qurban verir, intellektual bir sözə görə elmi rütbədən imtina edir”, – deyə Yenisey vurğulayıb.

O, akademik sistemin müəyyən etdiyi qaydaların alimin düşüncə və yazı üslubuna təsir göstərə bildiyini bildirib:

“Alimin düşüncəsinin hasarları var. Alim əhliləşdirilmiş intellektualdır”.

Yenisey fikirlərini fransız yazıçısı Qüstav Floberin yaradıcılığından nümunə ilə davam etdirib. O, Floberin dövlət tərəfindən Şərqə səfərə göndərilməsi və səfər zamanı dinə münasibətini sərbəst şəkildə ifadə etməsi ilə bağlı fikirlərini bölüşüb.

Yazıçının fikrincə, Floberin nümunəsində müqəddəsliklə ona qarşı ironiyanın eyni düşüncədə birləşməsi intellektual azadlığın göstəricisidir.

Aqşin Yenisey intellektualı düşüncə azadlığını dilinə və yaradıcılığına yansıdan şəxs kimi xarakterizə edib. O, bu baxımdan Qüstav Flober, Şarl Bodler və Joze Saramaqonu nümunə göstərib.

“İntellektual düşüncə azadlığı dilinə yansıyan adamdır. İntellektual Floberdir, Bodlerdir, Saramaqodur”, – deyə Yenisey qeyd edib.

Yazıçı sonda cəmiyyətdə “intellektual” anlayışının geniş və bəzən əsassız şəkildə işlədilməsini də tənqid edib:

“Siz intellektual filan deyilsiniz, dağarcığınızı tay yanına dartışdırmayın”.

Elmar

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью