AQTA baş verən qida zəhərlənmənin səbəbini AÇIQLADI

21.07.2026

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 12–17 iyul 2026-cı il tarixlərində Gəncə və Samux ərazilərində baş vermiş qida zəhərlənməsi hadisələri ilə bağlı aparılmış araşdırmalar və laborator müayinələr yekunlaşıb.

AQTA-dan Gununsesi.info -ya bildirilib ki, Agentliyin müfəttişləri tərəfindən hadisə yerlərinə baxış keçirilib, istehlaka təqdim edilən qida məhsulları və müxtəlif səthlərdən laborator müayinələr üçün nümunələr götürülüb.

Nəticələrə əsasən, hazır yeməklərdən bozbaşdan götürülən nümunədə Staphylococcus aureus, lavaş məhsulunda Staphylococcus aureus və koliform bakteriyaları, pendir məhsulunda isə Escherichia coli (E.coli) aşkarlanıb. Qida məhsullarında bu mikroorqanizmlərin aşkar olunması məhsulların mikrobioloji çirklənməyə məruz qaldığını, istehsal və emal prosesində şəxsi və ümumi gigiyena qaydalarına, həmçinin sanitariya tələblərinə tam əməl olunmadığını göstərir.

Nəzarət tədbirləri çərçivəsində lavaş məhsulu satdığı digər şəxslər və obyektlər də müəyyən edilərək məhsulların geri çağırılması təmin olunub.

Aşkar edilmiş qanun pozuntuları ilə bağlı aidiyyəti dövlət qurumlarına müvafiq məlumat verilib.

Agentlik vətəndaşlara qida məhsullarını yalnız rəsmi qeydiyyatdan keçmiş və qida təhlükəsizliyi tələblərinə uyğun fəaliyyət göstərən istehsalçı və satış obyektlərindən əldə etməyi tövsiyə edir.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью