Yenicag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) idxal və ixrac əməliyyatlarının daha çevik, şəffaf və sahibkarlar üçün əlçatan şəkildə həyata keçirilməsi məqsədilə göstərilən xidmətləri tam elektronlaşdırıb.
Bu barədə Yenicag.az-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Elektron xidmətlər vasitəsilə idxal və ixrac əməliyyatları üzrə müraciətlərin qəbulu, tələb olunan sənədlərin təqdim edilməsi, müraciətlərin icra vəziyyətinin izlənilməsi və nəticələr barədə məlumatlandırma tam rəqəmsal mühitdə həyata keçirilir. Beləliklə, sahibkarlar müvafiq xidmətlərdən məsafədən istifadə etmək imkanı əldə edib, sənədləşmə prosesi isə daha sadə və operativ olub.
Elektron xidmətlərin istifadəyə verilməsi ilə müraciətin qəbulundan yekun qərarın rəsmiləşdirilməsinədək bütün mərhələlərin sistem üzərindən izlənilməsi təmin edilib. Dövlət rüsumları və laborator xidmət haqları elektron qaydada ödənilir, sertifikatlaşdırma prosesləri isə rəqəmsal mühitdə aparılır. Bu yanaşma təmasları minimuma endirir, subyektiv müdaxilə imkanlarına yol vermir və qərarların qəbulunda şəffaflığı artırır.
Sistem idxal və ixrac olunan məhsullara nəzarətin risk əsaslı yanaşma üzrə təşkilinə də imkan verir. Məhsulun növü və mənşə ölkəsi, istehsalçı və ixracatçı müəssisə, əvvəlki nəzarət və laborator müayinələrin nəticələri, aşkar edilmiş uyğunsuzluqlar və digər risk göstəriciləri elektron qaydada təhlil olunur. Bunun əsasında nəzarət tədbirləri daha dəqiq və məqsədyönlü planlaşdırılır.
Elektron xidmətlərin tətbiqi sahəsində AQTA tərəfindən idxal və ixrac əməliyyatlarının icra müddətinin qısaldılmasına, inzibati prosedurların sadələşdirilməsinə və sahibkarlar üçün bərabər xidmət mühitinin yaradılmasına şərait yaradır. Eyni zamanda, qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətin səmərəliliyi artırılır.
Qeyd edək ki, AQTA elektron xidmətlərin funksional imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir və bu elektron tətbiq idxal və ixrac əməliyyatlarında çevikliyin və şəffaflığın artırılması, sahibkarlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımdır.