Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin bir neçə şəhərində saxta spirtli içkilərdən zəhərlənmə və ölüm hallarının baş verməsi ölkəmizdə də bu mövzunu aktuallaşdırıb.
Azərbaycandakı şadlıq saraylarında saxta spirtli içkilərin verilməsi ilə bağlı şikayətlərin sayı çoxalıb.
İddialara görə, içkilər bəzi restoran və iaşə obyektlərinin sahiblərinə məxsus sexlərdə hazırlanır və toy, nişan məclisləri olduqda süfrələrə verilir.Bəs qidaların təhlükəsizliyinə nəzarəti həyata keçirən qurum -Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) belə hal aşkarlayıbmı?
Toylarda verilən içkilərin bazarda satılanlarla eyniliyinə və keyfiyyətinə nəzarət olunurmu?Məsələ ilə bağlı AQTA-dan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, qida məhsulları daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir:“Dünyanın bir sıra ölkələrində qanunsuz yollarla gəlir əldə etməyə çalışan dələduzlar tərəfindən spirtli içkilərin kustar üsullarla hazırlanmasına və satışına cəhdlər göstərilir.Bu kimi qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi və hüquq-mühafizə orqanları tərəfindən mütəmadi qaydada yoxlama-nəzarət tədbirləri, reydlər keçirilir.
Spirtli içkilər də daxil olmaqla, həm idxal, həm də daxili istehsal zamanı məhsullar daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir.
Agentlik müfəttişləri tərəfindən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb edilir.
Aşkar olunmuş uyğunsuzluqlarla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.