Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 19 iyun, AZƏRTAC
İyunun 9-11-də Fransanın Paris şəhərində Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının (EPPO) Bitki Mühafizə Vasitələri üzrə İşçi Qrupunun (WP PPP) 56-cı iclası keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, AQTA-nın əməkdaşı Cavidan Quliyevin də təmsil olunduğu tədbirdə 14 ölkədən ekspertlər iştirak ediblər.
Tədbir zamanı bitki mühafizə vasitələrinin effektivliyinin qiymətləndirilməsi üzrə beynəlxalq standartların təkmilləşdirilməsi, zərərli orqanizmlərin pestisidlərə qarşı davamlılığının monitorinqi, rəqəmsal texnologiyaların tətbiqi, bioloji mübarizə vasitələrinin tənzimlənməsi, məlumat bazalarının inkişafı və digər aktual məsələlər müzakirə olunub.
Görüşlər çərçivəsində bitki mühafizə vasitələrinin effektivliyinin qiymətləndirilməsinə dair bir sıra standartların yenilənmiş redaksiyaları təsdiq edilib, gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Bununla yanaşı, növbəti 57-ci iclasın, eləcə də “Mərkəzi Asiya ölkələrində bitki mühafizə vasitələrinin qeydiyyatı və effektivliyinin qiymətləndirilməsi” mövzusunda xüsusi sessiya və regional seminarın Bakı şəhərində təşkili məsələləri müzakirə olunub.