Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən təhsil müəssisələrində, yaşayış məntəqələrində, ictimai yerlərdə, turizm zonalarında və aqroparklarda qəhvəyi mərmər bağacığı ilə bağlı genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirilir.
Bu barədə AZƏRTAC-a agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, tədbirlər çərçivəsində sakinlərə zərərvericinin bioloji xüsusiyyətləri, yayılma yolları, kənd təsərrüfatı bitkilərinə vurduğu zərər və ona qarşı mübarizə üsulları barədə məlumat verilir. Payız-qış mövsümündə qışlama yerlərində toplaşan zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin vaxtında və düzgün aparılmasının vacibliyi diqqətə çatdırılır.
Maarifləndirmə tədbirləri artıq müsbət nəticəsini göstərir. Belə ki, fitosanitar monitorinqlər zamanı vətəndaşların evlərdə, həyətlərdə və yardımçı tikililərdə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərini müstəqil şəkildə həyata keçirdikləri müşahidə olunur.
Qeyd edək ki, Şəki rayonunda cari ilin oktyabr ayı ərzində 20 mindən çox insan qəhvəyi mərmər bağacığı və ona qarşı mübarizə üsulları barədə maarifləndirilib.
Zərərvericinin yayılmasının qarşısının alınmasında əhalinin fəal iştirakı mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə maarifləndirmə tədbirləri, fitosanitar monitorinqlər və zərərvericiyə qarşı mübarizə işləri davam etdirilir.