Sia Az saytına istinadən Icma.az xəbər verir.
“HALAL” uyğunluq sertifikatlaşması qida məhsullarının İslam qaydalarına uyğun istehsalını və istehlaka hazır olduğunu göstərən xidmət növüdür. Bu xidmət məhsulların müvafiq standart və şərtlər əsasında istehsal edildiyini və etibarlı şəkildə istehlak olunmasını təmin edir. Eyni zamanda, istehsalçı müəssisənin məhsullarına etibarlılığı, eləcə də istehsalı, dövriyyəsi və ixracı imkanlarını artırır.
SİA xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Sertifikasiya şöbəsinin müdiri Vüsal Əmirxanov bildirib.
O deyib ki, artıq bir çox iri müəssisə AQTİ-nin “HALAL” sertifikatlaşdırma xidmətlərindən faydalanır: “Bu günədək 8 müxtəlif istehsal müəssisəsinə 10 istiqamətdə “HALAL” uyğunluq sertifikatı təqdim olunub. İnstitut Türkiyənin Halal Akkreditasiya Qurumu (HAK) və Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) tərəfindən akkreditasiya edilərək “HALAL” uyğunluq sertifikatını və nişanını təqdim etmək səlahiyyətinə malikdir”.
Vüsal Əmirxanov vurğulayıb ki, akkreditasiya prosesi SMIIC – İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun "AZS OIC/SMIIC 2:2022" Uyğunluğun qiymətləndirilməsi - “HALAL” sertifikatlaşdırmanı həyata keçirən orqanlar üçün tələblər” standartının əsasında həyata keçirilib: “Beləliklə, AQTİ-nin həyata keçirdiyi “HALAL” sertifikatlaşdırma xidməti beynəlxalq səviyyədə tanınır və etibarlı sertifikatlaşdırma xidməti olaraq fəaliyyət göstərməkdədir. Sertifikatlaşdırma prosesi çərçivəsində qida subyektinin və onun obyektinin halal qaydalara uyğunluğu və həmin qida obyektinin qida təhlükəsizliyi idarəetmə sistemi qiymətləndirilir. Obyekt “HALAL” standartının tələblərinə cavab verdiyi təqdirdə, Sertifikatlaşma komitəsinin rəyi əsasında qida subyektinə etibarlılıq müddəti 3 il olan “HALAL” uyğunluq sertifikatı təqdim edilir. Uyğunluq sertifikatının qüvvədə olduğu müddətdə qida subyektində "HALAL" standartının və tələbləri müntəzəm olaraq qiymətləndirilir və nəzarət olunur. Ümumilikdə sertifikatlaşmaya sərf olunan müddət, müraciət edən qida subyektinin növündən, fəaliyyət istiqamətindən, proseslərin və qida təhlükəsizliyi idarəetmə sisteminin mürəkkəbliyindən asılı olaraq dəyişir”.