AQTİ ilə ADA Universiteti əməkdaşlıq edəcək

06.02.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 6 fevral, AZƏRTAC

Fevralın 6-da Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) ADA Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə məqsəd ADA Universiteti nəzdində İtalyan-Azərbaycan Universitetinin Kənd təsərrüfatı və qida elmləri fakültəsinin yeni laboratoriyalarının yaradılması ilə bağlı məsləhətləşmə və fikir mübadiləsi aparmaqdan ibarət olub. ADA Universitetinin yeni laboratoriyalarının təşkili ilə bağlı AQTİ ilə əməkdaşlıq imkanları dəyərləndirilib.

AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev institutun nəzdində fəaliyyət göstərən ixtisaslaşmış laboratoriyalar barədə ətraflı məlumat verib. Qeyd edilib ki, laboratoriyalarda ən müasir texnologiyalardan istifadə olunmaqla kompleks tədqiqatlar aparılır.

Sədr ADA Universiteti nəzdində İtalyan-Azərbaycan Universitetinin Kənd təsərrüfatı və qida elmləri fakültəsinin yeni laboratoriyalarının yaradılmasında AQTİ tərəfindən lazım olan dəstəyin göstərilməsinə hazır olduqlarını bildirib.

ADA Universitetinin Kənd təsərrüfatı və qida elmləri fakültəsinin professoru Asəf Ömərov Qida Təhlükəsizliyi İnstitutu və onun nəzdində fəaliyyət göstərən laboratoriyaların işini yüksək qiymətləndirib.

Sonra universitetin nümayəndələri institutun laboratoriyaları ilə yaxından tanış olub, burada sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью