Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xorvatiyanın Zaqrebdə yerləşən Ruder Boşkoviç İnstitutunun okeanoloqları Aralıq dənizinin getdikcə daha sürətlə istiləşdiyini və şoranlaşdığını müəyyən ediblər. Dəyişikliklər dənizin səthindən bir neçə min metr dərinliyə qədər olan qatlara da təsir göstərir. Tədqiqatın nəticələri Amerika Geofizika İttifaqının Geophysical Research Letters jurnalında dərc olunub.
Tədqiqatçılar 1950-2025-ci illər arasında elmi ekspedisiyalar və avtonom şamandıralar vasitəsilə toplanmış temperatur və duzluluq ölçmələrini bir araya gətiriblər.
Məlum olub ki, 2000-ci ildən etibarən Aralıq dənizinin səth suları hər onillikdə təxminən 0,5 dərəcə isinib. Bu göstərici dünya okeanının orta istiləşmə tempindən 2-3 dəfə yüksəkdir. Hazırda dənizin ilk 100 metrliyində suyun temperaturu 1950-1999-cu illərin orta göstəricisindən təxminən 2 dərəcə yüksəkdir.
“Tədqiqatçılar üçün narahatedici məqam dəyişikliklərin başvermə sürəti və onların çatdığı dərinliklər olub”, – alimlər bildiriblər.
Proses xüsusilə Aralıq dənizinin mərkəzi və şərq hissələrində sürətlə gedir. Ən böyük dəyişiklik isə Adriatik dənizində müşahidə olunur. Burada istiləşmə dənizin dibinə qədər davam edir.
Niyə dənizin dibi də isinməyə başlayıb?
Alimlər bunun suyun sıxlığı ilə bağlı olduğunu izah edirlər. İsti su yüngülləşir, duzlu su isə ağırlaşır.
Qış aylarında soyuq küləklər Adriatik dənizinin səthini soyudur. Sıxlığı artan su aşağı enərək Aralıq dənizinin mərkəzi və şərq hissələrinə oksigen daşıyır.
Əvvəllər dərinliyə enən bu su soyuq olurdu. Lakin indi suyun duzluluğunun artması istiləşməni kompensasiya edir və nəticədə dənizin dibinə getdikcə daha isti su enir.
2000-ci ildən etibarən Adriatik dənizinin cənub hissəsində dərin suların istiləşmə sürəti regiondakı tipik hövzələrdən 6 dəfə yüksəkdir.
Oksigen azalır, dəniz canlıları risk altındadır
Alimlər gələcəklə bağlı narahatlıq doğuran nəticələrə diqqət çəkirlər. İsti su daha az oksigen saxlaya bilir və artıq bəzi ərazilərdə oksigen səviyyəsinin azalması qeydə alınır.
Dəniz canlılarının temperaturun yüksəlməsindən qaçmaq imkanları da məhduddur. Aralıq dənizi şimaldan quru ilə əhatələnib və dərinliklər də səth sularının ardınca isinməyə başlayır.
Tədqiqatçıların məlumatına görə, Aralıq dənizi də dünya okeanı kimi insan fəaliyyəti nəticəsində atmosferə atılan karbon qazının dörddə birindən çoxunu və istixana qazlarının yaratdığı əlavə istiliyin 90 faizindən çoxunu udub.
Alimlər növbəti mərhələdə dənizin duzluluğundakı dəyişikliklərin sürətlənməsinə konkret nəyin səbəb olduğunu müəyyənləşdirmək istəyirlər. Onlar atmosfer proseslərinin, buxarlanmanın və yağıntıların dəyişməsinin, həmçinin Cəbəllütariq boğazından Atlantik sularının daxil olmasının rolunu araşdıracaqlar.
Tədqiqatçılar həmçinin iqlim modellərinin bu dəyişiklikləri nə dərəcədə dəqiq nəzərə aldığını yoxlayacaqlar. Bunun nəticələri region üzrə gələcək iqlim proqnozlarının etibarlılığı baxımından əhəmiyyətli ola bilər.