Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Aralıq Dənizi Parlament Assambleyasının (ADPA) Büro iclasında Milli Məclisə müşahidəçi statusunun verilməsi ilə bağlı müraciət təsdiqlənib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, bunu bu gün Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri çərçivəsində Aralıq Dənizi Parlament Assambleyasının (ADPA) sədri Cülio Çentemero ilə görüşdə bildirib.
Görüşdə Milli Məclisin sədri ADPA-nın Qadın Parlament Forumunun 2-ci sessiyasının əhəmiyyətindən danışıb və Azərbaycan parlamentinin bu qurumla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Sahibə Qafarova dünən ADPA-nın Büro iclasında Milli Məclisə müşahidəçi statusunun verilməsi ilə bağlı müraciətin təsdiqindən məmnunluğunu bildirib və yekun qərar verildikdən sonra bu statusun qarşılıqlı parlamentlərarası əlaqələrin inkişafı üçün yeni imkanlar yaradacağına inamını ifadə edib.
Aralıq Dənizi Parlament Assambleyasının sədri Cülio Çentemero diqqətə çatdırıb ki, ADPA da Azərbaycanla əməkdaşlıqda maraqlıdır.
Söhbətdə QHPŞ və ADPA arasında əməkdaşlıq, qarşılıqlı müşahidəçi statuslarının verilməsi barədə də danışılıb. Bildirilib ki, hər iki təşkilatda oxşar məsələlərin müzakirə olunması əməkdaşlıq üçün yaxşı imkanlar yaradır.
Söhbət zamanı ADPA sədri Cülio Çentemero bu təşkilatın məşğul olduğu məsələlər və onun fəaliyyəti barədə məlumat verib.