Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Süni mayalanma (İVF) zamanı tətbiq edilən əlavə prosedurların effektivliyi ilə bağlı yeni beynəlxalq araşdırmanın nəticələri "Lanset Obstetrika, Ginekologiya və Qadın Sağlamlığı" (The Lancet Obstetrics, Gynaecology & Women's Health) jurnalında dərc olunub. Nəşr edilən sistematik icmal və meta-analiz göstərir ki, İVF prosesində geniş istifadə olunan əlavə prosedurların böyük əksəriyyətinin hamiləlik və diri doğum göstəricilərini artırdığı elmi cəhətdən təsdiqlənməyib.
Araşdırma reproduktiv tibb sahəsində fəaliyyət göstərən beynəlxalq alimlər qrupu tərəfindən aparılıb. Tədqiqat zamanı dünyanın müxtəlif ölkələrində həyata keçirilmiş 157 elmi araşdırma nəzərdən keçirilib. Onlardan metodoloji baxımdan yüksək keyfiyyət meyarlarına cavab verən 85 randomizə edilmiş klinik tədqiqat yekun təhlilə daxil edilib. Ümumilikdə minlərlə pasiyentin məlumatları müqayisə olunaraq əlavə prosedurların hamiləliyin baş tutmasına, diri doğum göstəricilərinə və təhlükəsizliyinə təsiri qiymətləndirilib.
Tədqiqatın nəticələrinə əsasən, geniş tətbiq olunan on əlavə prosedurdan yeddisinin effektivliyini təsdiqləyən kifayət qədər etibarlı elmi sübut aşkar edilməyib. Bunlara akupunktur, kortikosteroid preparatlarının istifadəsi, endometriumun reseptivlik testi (ERA), intralipid infuziyası, trombositlə zəngin plazmanın uşaqlıq boşluğuna və yumurtalıqlara yeridilməsi, eləcə də embrionların implantasiyadan əvvəl aneuploidiyaya görə genetik testdən keçirilməsi (PGT-A) daxildir. Müəlliflər qeyd edirlər ki, bu prosedurların bir çoxu klinik praktikada geniş tətbiq olunsa da, onların müalicənin uğur faizini artırdığına dair inandırıcı sübut yoxdur.
Araşdırmada yalnız üç əlavə metod üzrə müəyyən müsbət nəticələr müşahidə edilib. Bunlar embrionun uşaqlıq boşluğuna daha yaxşı yapışmasını təmin etmək məqsədilə istifadə olunan xüsusi məhlul (EmbriyoQlyu), endometriumun cüzi zədələnməsi üsulu və fizioloji intrasitoplazmatik spermatozoid inyeksiyası (PİKSİ) olub. Bununla belə, alimlər həmin metodların da standart müalicə kimi tövsiyə edilməsi üçün daha genişmiqyaslı klinik tədqiqatların aparılmasının zəruri olduğunu bildiriblər.
Müəlliflərin qənaətinə görə, elmi sübutlarla təsdiqlənməmiş əlavə prosedurların tətbiqi pasiyentlər üçün əlavə maliyyə yükü yarada, əsassız gözləntilərə səbəb ola və bəzi hallarda lazımsız tibbi müdaxilələrlə nəticələnə bilər. Bu baxımdan reproduktiv tibb sahəsində müalicə seçimlərinin sübuta əsaslanan tibb prinsiplərinə uyğun həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Araşdırmanın nəticələrinin gələcəkdə İVF üzrə beynəlxalq klinik tövsiyələrin yenilənməsinə, həmçinin həkimlərin və pasiyentlərin daha əsaslandırılmış qərarlar qəbul etməsinə töhfə verəcəyi gözlənilir.
N.Adilqızı
XQ