Araşdırma: Qısa gəzintilər demensiya riskini azalda bilər

27.10.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Stokholm, 27 oktyabr, AZƏRTAC

Hətta qısa müddətli və asta templə gəzintilər də demensiya riskini azalda bilər. Araşdırmalar göstərir ki, fiziki fəallıq nisbətən az olduqda belə sağlamlığa müsbət təsiri müşahidə edilir.

AZƏRTAC xəbər verir ki, avstraliyalı alimlər Böyük Britaniyada yaşayan 78 mindən çox insanın məlumatlarını təhlil edərək müəyyən ediblər ki, gündə təxminən 3800 addım atan insanlarda demensiya riski, demək olar ki, hərəkətsiz həyat tərzi keçirənlərlə müqayisədə 25 faiz aşağıdır. Bununla yanaşı, yerimə sürəti həlledici amil olmayıb.

Demensiyanın qarşısının alınmasında ən böyük müsbət təsir gündə təxminən 9800 addım atan insanlarda müşahidə edilib. Hər gün təxminən 10 min addım atan iştirakçılarda yeddi il davam edən müşahidə müddətində demensiya diaqnozu qoyulması riski təxminən iki dəfə aşağı olub.

Finlandiyada aparılan “FINGER” araşdırması da həyat tərzinin dəyişdirilməsinin beyin sağlamlığını qorumağa və idrak qabiliyyətlərinin zəifləmə riskini azaltmağa kömək edə biləcəyini göstərib. Araşdırmaya neyrogеriatriya üzrə finlandiyalı professor Miya Kivipelto rəhbərlik edib.

Tədqiqat çərçivəsində mütəxəssislər fiziki fəallığı, sağlam qidalanmanı və idrak qabiliyyətlərini inkişaf etdirən məşqləri əhatə edən kompleks tədbirlərin təsirini öyrəniblər. Nəticələr göstərib ki, sağlam həyat tərzinin bir neçə amilinin birlikdə tətbiqi koqnitiv funksiyalara daha güclü müsbət təsir göstərir.

Professor bildirib ki, beyində patoloji proseslər ilk simptomlar üzə çıxmazdan 15-20 il əvvəl başlaya bilər. Buna görə də profilaktik tədbirlər həm yaşlı, həm də gənc yaşlarda vacibdir.

Ölkə əhalisinin təxminən hər üç nəfərindən biri Altsheymer xəstəliyinin inkişaf riskini artıran APOE4 gen variantının daşıyıcısıdır. Bununla belə, genetik meyilliliyin olması xəstəliyin mütləq inkişaf edəcəyi demək deyil.

Onun sözlərinə görə, beyin sağlamlığına qayğı göstərmək heç vaxt nə tez, nə də gecdir.

Nərgiz Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью