Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
“Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Xankəndidəki çıxışında mühüm məqamlara toxunaraq, Vətən müharibəsində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıqdan bəhs edib”.
KONKRET.az xəbər verir ki, bu fikirləri Globalinfo.az-a deputat Azər Allahverənov deyib.
O bildirib ki, mühüm məqamlardan biri də Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, öz torpaqlarında separatçı rejimin fəaliyyətinə son qoymasıdır:
“Prezident İlham Əliyev xüsusilə qeyd etdi ki, Xankəndidə yaradılacaq Zəfər Muzeyi vaxtilə separatçıların şeytan yuvası olan binada yerləşəcək. Bu, həm həmin qüvvələr, həm də dünyanın müxtəlif bölgələrində separatçılıqdan əziyyət çəkən xalqlar üçün mühüm mesaj və nümunədir. Azərbaycan beynəlxalq hüquqa sadiqliyini əməli addımları ilə nümayiş etdirdi. Torpaqlarımızın işğaldan azad edilməsi BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququ çərçivəsində həyata keçirildi. Bununla yanaşı, Azərbaycan separatçılığa son qoyaraq digər dövlətlər üçün də nümunə ortaya qoydu. Ölkəmiz göstərdi ki, ərazi bütövlüyünü necə bərpa etmək və separatçılıqla necə mübarizə aparmaq mümkündür”.
Deputat qeyd edib ki, separatçı rejimin nümayəndələrinin (Arayik Arutyunyan və digərlərinin) Bakıda hərbi cinayətlər üzrə keçirilən məhkəmədə verdikləri ifadələr də Ermənistanın törətdiyi cinayətlərin miqyasını bir daha üzə çıxarır:
“Onların ifadələrində vandalizm, ekosid, urbansid və mədəni irsimizə qarşı törədilmiş cinayətlərlə bağlı faktlar öz əksini tapır. Bu proses dünya ictimaiyyətinə erməni separatçılığının hansı dağıdıcı nəticələrə səbəb olduğunu göstərir.
Azərbaycan işğal dövründə dəfələrlə öz həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmağa çalışsa da, əksər hallarda ikili standartlarla və etinasız münasibətlə üzləşirdi. Təqdim etdiyimiz faktlar və sübutlar bir çox hallarda görməzdən gəlinirdi. Separatçı rejimin nümayəndələrinin ifadələri isı həmin həqiqətləri bir daha təsdiqləyir. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər ölkəmizə öz haqlı mövqeyini bütün dünyaya çatdırmaq, torpaqlarını işğaldan azad etmək və həmin ərazilərdə törədilmiş vandalizm faktlarını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq imkanı verdi”.