Araz çayında təhlükəli vəziyyət yaranıb Ekoloqdan İZAH

23.11.2026

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Bakı-Şuşa yolunu da təhlükə gözləyir. Proses dərhal dayandırılmalıdır!”

Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində çay yatağının qazılması və çınqılın daşınması ciddi təhlükəyə səbəb ola bilər.

Ajans.az informasiya portalının təsisçisi və baş redaktoru Tural Müseyibov YouTube kanalında canlı yayım açaraq bu barədə məlumat paylaşıb. Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində çəkiliş aparan T.Müseyibov çay yatağının qazıldığını, çınqılın daşındığını, mühafizə zolağının itdiyini və ərazidə böyük bir gölün əmələ gəldiyini bildirib:

“Böyük bir təhlükə ilə üz-üzəyik. 800 metr məsafədə Bəhramtəpə su anbarı yerləşir. Su anbarı təhlükə altındadır. Lilsovuran gəmilərlə çayın yatağı sovrulur, çınqıl çıxarılır və daşınır”.

T.Müseyibov qeyd edib ki, bir neçə il əvvəl Şirvan şəhər İnzibati Məhkəməsi tərəfindən çay yatağında işlərin aparılması qadağan edilib. Lakin onun sözlərinə görə, TÜRKAZ MMC hələ də həmin ərazidə çay yatağını qazmaqla məşğuldur.

Ekoloq-hidroloq Rövşən Abbasov Sherg.az-a açıqlamasında çay yatağının qazılmasının ciddi təhlükələr yarada biləcəyini bildirib.

Onun sözlərinə görə, su qovşağından aşağıda məcrada dərin qazma işlərinin aparılması olduqca təhlükəli prosesdir:

“Məlumdur ki, Bəhramtəpə su qovşağı (bəzən qısaca su anbarı da deyilir) axının tənzimlənməsi funksiyasını daşıyır. Araz çayının suyunun səviyyəsini bənd vasitəsilə qaldırır və gələn axını magistral kanallar – Baş Muğan və Rəsularx kanalları arasında tələbatdan asılı olaraq bölüşdürür.

Çayın gətirdiyi hər cür çöküntü və lil su qovşağının yuxarı hissəsinə çökür. Aşağıya isə daha təmiz su gedir. Təmiz suyun yuyucu qabiliyyəti daha böyük olur. Bu da məcrada eroziyanı gücləndirir.

Burada hidravlik sıçrayış əmələ gəlir. Kəskin hündürlük fərqləri hidravlik sıçrayışa səbəb olur. Bu isə məcranın yuxarıya doğru tədricən yuyulmasına gətirib çıxarır. Normal halda bu məcra su qovşağı istiqamətində yuyula-yuyula gedəcək. Hətta beton sədd olsa belə, yuyulmanın qarşısını almaq mümkün olmayacaq. Proses bir qədər ləngiyə bilər, amma dayanmayacaq.

Ona görə də bu işlər dərhal dayandırılmalıdır. Başa düşmürəm, buna kim icazə verib? Yəqin ki, mühəndis rəyi alınıb. Bu mühəndis elmi ədəbiyyat oxumur məgər? Buna necə icazə verə bilər?!

Eyni proses Göyçay çayında da baş vermişdi. Göyçay şəhərini magistral yolla birləşdirən körpü dağılmışdı. Bəhramtəpə su qovşağında da belə bir hal yarana bilər. Çünki orada aparılan yanlış işlər təkcə su qovşağına deyil, körpüdən keçən yola da təhlükə yaradır.

Bilirsiniz ki, haqqında danışdığımız bu yol Bakı–Şuşa yoludur. Bəhramtəpə su qovşağının əhəmiyyəti böyükdür. Su qovşağı Muğan kanalına su ötürür. Həmin böyük ərazilərdə su problemi yarana bilər.

Proses dərhal dayandırılmalı, araşdırma aparılmalıdır. Neçə illərdir orada qəribə, yöndəmsiz işlər görülür. Gah betonlayırlar, gah çayın ortasında bənd tikirlər... Təhlükəli işlər görürlər. Nəticədə həmin ərazilər çox böyük ziyan çəkə bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью