Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
“Araz-Naxçıvan”ın futzalçısı Fərid Ələkbərov komandasının UEFA Çempionlar Liqasının əsas mərhələsində Bosniya və Herseqovinanın “Buba Mara” klubuna məğlubiyyətini (3:5) şərh edib.
İdman.Biz xəbər verir ki, futzalçı qarşılaşmada təcrübə çatışmazlığının həlledici rol oynadığını bildirib.
“Bosniya və Herseqovina çempionu bizimlə görüşə tam heyətlə çıxmışdı. Onların əsas oyunçusu Pereç qırmızı vərəqə aldığına görə ilk turda “Piast”la matçı buraxmışdı. Oyunun gedişində hesabda önə keçdik. Ancaq oyun təcrübəsizliyi sözünü dedi və üstünlüyümüzü qoruya bilmədik. İstər fiziki hazırlıq, istərsə də qol epizodu yaratmaq baxımından komandamız yaxşı tərəfdən seçilirdi”, - deyə o qeyd edib.
F.Ələkbərov hesab 2:2 olarkən boş qapıya qol vura bilməmələrinin nəticəyə təsir etdiyini söyləyib:
“Onu edə bilsəydik, qələbə qazanmaq şansımız az deyildi. Ümumiyyətlə, qrupdakı rəqiblərin heç biri zəif, asan udulacaq kollektiv deyil. Hər biri oturuşmuş heyətə malikdir, əksəriyyəti illərdir eyni komandada çıxış edirlər.
Bizim bir gün əvvəl yendiyimiz “Uypest” meydan sahibi və qrupun əsas favoriti hesab edilən “Piast”la heç-heçə etdi. Qrup liderinin kimliyinə sonuncu turun oyunlarından sonra aydınlıq gətiriləcək. Elə vəziyyət yaranıb ki, bu hüququ hər bir komanda qazana bilər.
“Araz-Naxçıvan” bu ildən sırf yerli futzalçılardan - millinin üzvlərindən qurulub. Açığı, onların belə mübarizə aparacaqlarını gözləmirdim. Yaxşı mənada təəccübləndirdilər”.
Qeyd edək ki, “Araz-Naxçıvan” qrupun ilk oyununda “Uypest”i 5:4 hesabı ilə məğlub edib. Komanda oktyabrın 30-da “Piast”la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.