Argentina millisinin ulduzu canlı yayımda huşunu itirdi VİDEO

22.11.2026

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Futbol üzrə Argentina millisinin üzvü Leandro Paredes Kolumbiyada keçirilən Cənubi Amerika Kubokunun finalından sonra qorxulu anlar yaşayıb. Təcrübəli yarımmüdafiəçi canlı yayımda huşunu itirib.

İdman.Biz xəbər verir ki, Argentinanın “Boka Xuniors” futbol komandasının kapitanı Braziliyanın “Atletiko Mineyro” kollektivi ilə final qarşılaşmasından sonra “DSports” telekanalına müsahibə verərkən qəfil yerə yıxılıb.

Hadisə Kolumbiyanın Barrankilya şəhərindəki Roberto Melendes stadionunda baş verib. Futbolçunun vəziyyətinin pisləşdiyini görən jurnalist ona kömək etməyə çalışıb. Hadisə yerinə dərhal tibb işçiləri cəlb olunub.

EFE agentliyinin məlumatına görə, Paredesin huşunu itirməsinə yüksək temperatur və rütubətin yaratdığı istilik stressi səbəb olub. Final zamanı havanın temperaturu təxminən 30 dərəcə, rütubət 80 faiz, hiss olunan temperatur isə 39 dərəcəyə yaxın olub.

32 yaşlı futbolçu qarşılaşmanın gedişində də özünü pis hiss edib. O, nəfəs almaqda çətinlik və güclü yorğunluq səbəbindən 58-ci dəqiqədə əvəzlənməsini istəyib. Ehtiyat oyunçular skamyasında komanda yoldaşları Adam Bareyro və Rodriqo Batalya onu sərinlətmək üçün buzdan istifadə ediblər.

Paredes tibbi yardım aldıqdan bir neçə saniyə sonra özünə gəlib və soyunub-geyinmə otağına müstəqil şəkildə gedə bilib.

“Boka Xuniors”un baş məşqçisi Rodolfo Arruabarrena da futbolçunun vəziyyətinə münasibət bildirib:

“Birinci hissənin sonlarında özünü pis hiss edirdi və yorğunluqdan şikayətlənirdi. Fasilədə vəziyyəti bir qədər yaxşılaşdı. Amma ikinci hissənin 10-cu dəqiqəsindən sonra meydanda hərəkət etməkdə çətinlik çəkirdi. O, vəziyyətini gizlətmədi və əvəzlənməsini istədi”.

Qeyd edək ki, “Boka Xuniors” finalda “Atletiko Mineyro”nu 2:0 hesabı ilə məğlub edərək Cənubi Amerika Kubokunun qalibi olub.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью