Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
İngiltərə 60 ildən sonra dünya kubokuna doğru daha bir addım ata biləcəkmi?
Dünya çempionatında dünən gecə keçirilən Fransa – İspaniya matçında kimin qalib gəlməsindən asılı olmayaraq, heç bir komanda bu mərhələdə mübarizədən erkən ayrılmayacaq. Çünki yarımfinalda uduzanlar da üçüncü yer uğrunda mübarizə aparacaqlar.
Gecə yarısı başa çatan Fransa-İspaniya matçından öncə qarşılaşma haqqında fikir və mülahizələrimizi bölüşmüşdük. Bugünkü icmalımızda isə bu mərhələnin ikinci cütü olan İngiltərə və Argentina komandalarının ümumi vəziyyəti və matçın dünyada niyə böyük maraqla gözləndiyinin səbəblərini açıqlamağa çalışacağıq.
Mediada açıqlanan fikirlərə şərik olaraq biz də deyirik ki, Argentina və İngiltərə arasındakı matçın olduqca gərgin şəraitdə keçəcəyi gözlənilir. Bu, dərin kökləri olan rəqabət, bir qədər də idman çərçivəsindən kənara çıxan düşmənçiliklə bağlıdır. Digər tərəfdən, XXI əsrin futbol əfsanəsi Lionel Messinin komandası 4 il əvvəl Qətərdə qalib gəldi və indi yenidən onu futbolun ən böyük səhnəsində görmək, həm də yarımfinalda izləmək əvəzsiz bir şans kimi görünür.
Bu turnirdə Leoun 39 yaşı oldu. Turnir artıq son 2 tura qədəm qoyduğu üçün futbol əfsanəsinin mundialda oynadığı hər matç onun üçün sonuncu ola bilər. Onun Buenos-Ayresdən Banqladeşə qədər milyonlarla azarkeşi var və onların çoxu Messinin oyununu görmək üçün dar günə kənara qoyduqları bütün əmanətlərini xərcləməyə hazırdırlar. Maraqlıdır ki, məhz Messi bu Dünya çempionatında Argentinanın bütün matçları üçün biletin qiymətlərini qaldırıb. Bu turnirin əvvəlki mərhələlərində də Leo açıq-aydın əsas hərəkətverici qüvvə olub. Lakin yalnız indi ilk dəfə olaraq onun komandasına və özünə bərabər tutulacaq cəlbedici rəqibi var.
Hər iki ölkənin zəngin idman tarixi var. Bu tarix 1966-cı il Dünya çempionatına qədər gedib çıxır. Həmin vaxt İngiltərə 1/4 finalda Argentinanı 1:0 hesabı ilə məğlub etmişdi. Bu matç bəzən “El robo del siglo” (“əsrin oğurluğu”) adlandırılırdı, çünki onlar qələbə qolunun oyundankənar vəziyyətdən vurulduğunu iddia edirdilər. Amma İngiltərə onu özünün yeganə Dünya çempionluğuna aparan matçı kimi xatırlayır. Amma bu iki ölkənin silahlı qüvvələrinin Folklend adaları uğrunda döyüşdüyü 1982-ci ilə gedib çıxan geosiyasi tarixi də var.
Argentinanın Cənubi Atlantikanın sahillərindən bir neçə yüz kilometr aralıda yerləşən Malvinas adlandırdığı silsilə adalar bugünə qədər bir çox argentinalılar üçün qürur mənbəyi olaraq qalır. Britaniyanın 10 həftəlik müharibədə qələbəsinə baxmayaraq, bu gün də turistlər Argentinada gəzərkən, hər yerdə “Las Malvinas son Argentinas” – “Malvinas adaları Argentinanındır” yazılan lövhələrə, qraffitilərə və ya divar rəsmlərinə rast gəlirlər. Məşhur futbol mahnısı olan “Muchachos”da da argentinalı azarkeşlər “heç vaxt unutmayacağım Malvinas adalarından olan oğlanlar” haqqında oxuyurlar.
1986-cı ildə FİFA Meksikada keçirilən Dünya çempionatında yeni püşkatma sistemini tətbiq etdi və bu, onların ümid etdikləri kimi işə yaradı. Püşkatmanın nəticələri 1986-cı il Dünya çempionatında futbol rəqabətini yenidən alovlandırdı. 1/4 final mərhələsinin Argentina-İngiltərə matçında Dieqo Maradona əli ilə topu britaniyalıların qapısından keçirdi və sonradan bunu “Tanrının əli” adlandırdı. Bundan az bir müddət sonra isə Maradona, sonralar çoxlarının əsrin möhtəşəm qolu kimi qiymətləndirdiyi qolunu vurdu.
***
Dünya çempionatını canlı şərh edən futbol şərhçiləri yazırlar ki, 1/4 final matçında final fitindən bir neçə dəqiqə sonra yarımfinalda komandalarının İngiltərə ilə qarşılaşacaqlarını bilən argentinalı azarkeşlər hər kəsi tullanmağa çağırmış və tullanmayanları “ingilis” adlandıran klassik xor mahnısını olan “El que no salta es un inglés”i ifa etmişlər. Sözün qısası, çərşənbə gününün, yəni iyulun 15-nin onilliklər boyu davam edən, millətçi intriqa və bəlkə də düşmənçiliklə dolu bir gün olacağını deyənlər var ki, düzünü desək, heç də haqsız deyillər. Bu, ya Messini üçüncü və ehtimal ki, son Dünya çempionatının finalına aparacaqdı, ya da İngiltərəni 60 ildən sonra ilk dəfə bu mərhələyə çıxaracaqdı.
Yəqin elə bu səbəbdən idi ki, bu matça tələbat olduqca yüksəkdir. Matçın biletlərinin qiyməti daim artır və azarkeşlər stadiona girmək üçün “qara bazar”a üz tuturlar. Elə buna görə də rahatlıqla demək olar ki, Argentina – İngiltərə matçı bu çempionatın ən maraqlı və bəlkə də ən yaddaqalan hekayəsi olacaq. İngiltərə və Argentina arasında keçiriləcək ikinci yarımfinal oyununun biletləri Fransa və İspaniya matçının biletlərindən təxminən iki dəfə baha satılıb. İngiltərə-Argentina matçının ən ucuz biletinin qiyməti təxminən 3 min dollar civarındadır.
Bazar günü axşama qədər Atlantadakı “Mercedes-Benz” stadionunda keçiriləcək İngiltərə-Argentina matçının bütün biletləri satılıb. Fransa-İspaniya matçının qiyməti 3545 dollar olan I kateqoriya üzrə biletlərinin isə hamısının satılmadığı bildirilir. Bu matça biletin orta qiyməti 1380 dollar təşkil edib. İngiltərə-Argentina matçı üçün I kateqoriya üzrə ən ucuz bilet 3611 dollar, II və III kateqoriya üzrə biletlər isə 2645 dollar təşkil edib.
O da bəllidir ki, Argentina və İngiltərə arasındakı gərginlik 40 il əvvəlki qədər qızğın deyil. Amma bu, bugünkü matçda hər şeyin axarında gedəcəyinə zəmanət vermir. Bizi böyük və son dərəcə gərgin döyüş gözləyir.
Artıq hər iki komanda bu Dünya çempionatında daha az təcrübəli komandaları, çətin də olsa, məğlub edə bilib. Argentina Misirin qətiyyətli oyunu sayəsində az qala turnirdən kənarda qalacaqdı, amma möhtəşəm kambek edib turnirdə qalmağı bacardı. Növbəti mərhələdə İsveçrənin ciddi müqaviməti ilə qarşılaşdı və Kabo-Verdedə olduğu kimi, yalnız əlavə vaxtda qalib gələ bildi. İngiltərə isə Meksikaya qarşı inanılmaz dərəcədə gərgin oyun keçirdi və sonra Norveçə qarşı 1/4 finalda azarkeşlərinə yenidən stress yaşatdı. Əlbəttə, komandalardan heç biri hələ mükəmməl oyun nümayiş etdirməyib, amma nəticə varsa, bu heç kimə maraqlı deyil. Ən əsası xarakterdir.
Argentina turnirin ən emosional komandası olaraq qalır. Onların çox pis oyunları ola bilər və potensiallarından aşağı səviyyədə çıxış edə bilərlər, amma “Albiseleste”də hər matçda ehtiras və stres var, bu da azarkeşləri matçı ilk dəqiqədən sona qədər izləməyə vadar edir.
Eyni şeyi İngiltərə haqqında da demək olar, amma onlar daha sistemli oynayırlar. Tomas Tuxel ilk gündən bu komandanı sırf ulduz oyunçular üzərində deyil, kollektiv oyuna söykənən sistemlə oynatmağa çalışır. Əsas heyətin üzvü Deklan Raysın iştirakı şübhə altındadır: “Arsenal”ın yarımmüdafiəçisi Norveçlə matçda fasilədə fiziki problemə görə əvəzlənib. “Albiseleste” oyunçularından isə heç birinin zədəsi və intizam cəzası yoxdur.
Komandalar tarixlərində altıncı dəfə Dünya çempionatında qarşılaşacaqlar. Britaniya “şirləri” qrup mərhələsini 1962-ci il Dünya çempionatında 3:1 və 1966-cı il Dünya çempionatının 1/4 finalında 1:0 hesabı ilə qalib gəlmişdilər. “Ağ-mavilər” 1986-cı il Dünya çempionatının 1/4 finalında 2:1 və 1998-ci il Dünya çempionatınun 1/8 finalında 2:2, penaltilərdə 4:3 hesablı qələbələrlə qisaslarını almışdılar. Sonuncu görüş 2002-ci il Dünya çempionatının qrup mərhələsində baş tutub və britaniyalılar bu mübarizədən minimal üstünlüklə ayrılıblar.
Nəticə etibarilə afişa onu deməyə əsas verir ki, İngiltərə ilə Argentina arasındakı matçına maraq digərinə nisbətən daha böyükdür. Bu matç “futbol sehrbazı”nın (Lionel Messi) futbolun vətəninə qarşı aparacağı amansız mübarizə olacaq. Gəlin biz də bu şansı qaçırmayaq və bu gün Bakı vaxtı ilə saat 23:00-da bu möhtəşəm matçı izləyək.
İlqar RÜSTƏMOV
XQ