Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 16 noyabr, AZƏRTAC
Argentinalı futbolçu Abel Nunyes 18 yaşında başından aldığı ağır zədə nəticəsində vəfat edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “TyC Sports” telekanalı məlumat yayıb.
Hadisə Argentina Futbol Assosiasiyasının (AFA) gənclər arasında keçirilən V Divizion turnirinin “Eseysa” və “Deportivo Munis” komandaları arasında baş tutan qarşılaşmasında qeydə alınıb.
Matç zamanı rəqib futbolçunun güclü zərbə ilə meydandan uzaqlaşdırdığı top Abel Nunyesin başına tuş gəlib. Zərbədən sonra huşunu itirən futbolçuya meydanda ilkin tibbi yardım göstərilib və o, dərhal xəstəxanaya çatdırılıb.
Gənc futbolçu əməliyyat olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Tapia sosial şəbəkə hesabında futbolçunun vəfatı ilə bağlı başsağlığı verib: “Abel Nunyesin vəfatını dərin kədərlə qarşılayırıq. Bu çətin günlərdə onun ailəsinə, dostlarına və yaxınlarına ən səmimi başsağlığı diləklərimi çatdırıram”.
Qeyd edək ki, Abel Nunyes futzal üzrə “Nueva Estrella” klubunun əvəzedici komandasında da çıxış edib. Klub futbolçunun vəfatı ilə əlaqədar noyabrın 15-dək nəzərdə tutulan bütün tədbirləri, o cümlədən “Argentinos Xuniors” komandası ilə oyunu ləğv edib.