Arı vızıltısı ilə qayıdan həyat Kəlbəcərdən reportaj │ FOTOLAR

02.08.2026

Azvision saytına istinadən Icma.az xəbər verir.


Kəlbəcərin saf havası, zəngin florası və dağ çiçəkləri burada istehsal olunan bala xüsusi dad və ətir verir. Kəklikotu, qantəpər, cökə və saysız-hesabsız çiçəklərdən toplanan nektar Kəlbəcər balını fərqləndirən əsas amillərdəndir.

Vaxtilə yalnız küləyin dolaşdığı bu dağlarda indi yenidən həyat, zəhmət və ümid var. Bu həyatın qəhrəmanlarından biri də İsmət Quluyevdir. O, 23 yaşında doğma kəndini tərk etməyə məcbur qalmışdı. Aradan 34 il keçəndən sonra isə ata ocağına qayıdaraq uşaqlıq xatirələrinin izinə düşüb. İndi hər səhərini arı yeşiklərinin yanında qarşılayır.

- Harada yaşadıqsa, arıçılığı da yaşatdıq. Atam 97 yaşında dünyasını dəyişdi. Mən də özümə söz verdim ki, onun bizə qoyduğu bu mirası davam etdirəcəyəm. Ümidimizi heç vaxt üzmədik. Bilirdik ki, bir gün bu torpaqlara qayıdacağıq,- İsmət Quluyev deyir.

Onun sözlərinə görə, Kəlbəcərin şəraiti tamam başqadır. Çiçəklərin bolluğu, suların mineral tərkibi, sərin iqlim – bunların hamısı arıçılıq üçün böyük üstünlükdür.
- İsmət dayı, pətəyi açanda arılar sancmır?
- Bəzən sancırlar, bəzən də yox. İndi axşamüstüdür. Ola bilsin sancsınlar, ola bilsin yox. Hazırda bal mövsümüdür. Biz buna “ağartma” dövrü deyirik. Arılar indi çox işləyirlər, ona görə də adətən sakit olurlar.

- Yenidən bu həyətə qayıtmaq necə hissdir?
- Çox şükür ki, yenə gəlib əkirik, becəririk, arıçılıqla məşğul oluruq. Bu günümüzə şükür edirik. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Doğma torpağa qayıtmaqdan gözəl hiss yoxdur.

Gün batdıqca Kəlbəcərin zirvələri qızılı rəngə boyanır. Gün boyu çiçəklərdən-çiçəyə uçan arılar yuvalarına qayıdır. Həyətdə görülən işlər tamamlanır. Quluyevlər ailəsi isə zəhmətlə keçən daha bir günün ardından sabahın ümidinə köklənir. Sabah Günəş yenidən bu dağların arxasından doğacaq. Arılar yenə pətəklərindən çıxacaq. Qılıncı kəndində isə həyat yenə eyni səslə – bal arılarının vızıltısı ilə başlayacaq.
Reportaj: “Azərtac”
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью