Arif Əsədov: Düşünürəm ki, Ayxan Abbasovla müqavilənin müddəti uzadılmalıdır

16.11.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 16 noyabr, AZƏRTAC

Millimizin qrup mərhələsini məğlubiyyətsiz başa vurması təqdirəlayiqdir. Təbii ki, oyun baxımından daha yaxşısını gözləmək olardı. Lakin belə turnirlərdə nəticə daha çox ön plana çıxır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Arif Əsədov yığmanın UEFA Millətlər Liqasının cari mövsümündəki çıxışı barədə danışarkən deyib.

O bildirib ki, qrup mərhələsindəki nəticələr milli komandanın qarşıya qoyulan hədəfə çatdığını göstərir: “Bu mərhələdən əvvəl məqsəd qrupda ilk pilləni tutmaq idi və millimiz bunun öhdəsindən gəldi. Çıxışa gəldikdə, bəzi oyunlar oldu ki, komandamız xüsusilə Lixtenşteynlə evdəki görüşdə qalib gəlməli idi. Həmin oyunu mənfi məqam kimi qiymətləndirmək olar. Bununla belə, səfərdə Litva ilə heç-heçə etmək, doğma meydanda həmin rəqibə qalib və Lixtenşteyndən üç xalla qayıtmaq millimizin bu komandalardan güclü olduğunu göstərdi”.

Arif Əsədov bildirib ki, üç komandanın mübarizə apardığı qrupda əsas məqsəd xal itkilərinə yol verməmək idi: “Belə turnirlərdə nəticə daha çox ön plana çıxır. Strategiya baxımından vacibdir ki, xallar itirməyəsən. Buna görə bəzən oyun baxımından müəyyən axsamalar olur. Digər tərəfdən, millidə hər zaman yeni futbolçular görürük, gənclərə şans verilir. Bu da oyun baxımından müəyyən qeyri-sabitlik yarada bilər. Bəzi futbolçularımız klublarında az oyun vaxtı qazanırlar və bunun da təsiri olur. Amma sonda əsas məqsəd qrupda birinci yeri tutmaq idi və komanda buna nail oldu”.

Mütəxəssis millimizin hücumdakı məhsuldarlığına da toxunub: “Belə rəqiblərlə oyunlarda tez bir zamanda qol vurmaq və ardını gətirmək daha rahat futbol sərgiləməyə imkan verir. Lakin qolun vurulması gecikdikcə, həm müdafiədə, həm də hücumda futbolçularda müəyyən inamsızlıq yaranır. Xüsusilə Lixtenşteyn kimi komandalar görüşlərdə rəqibə inam gəlir və onlar oyunun sonunadək motivasiyalı mübarizə aparırlar. Belə qarşılaşmalarda erkən qollar vurmaq daha inamlı oynamağa şərait yaradır. Burada fərdi keyfiyyətlər, futbolçuların son nöqtədə soyuqqanlılığı və ustalığı ön plana çıxır”.

Arif Əsədov baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında milli komandada müəyyən müsbət dəyişikliklərin olduğunu vurğulayıb. O, mütəxəssisin yerli futbolçuları yaxşı tanımasını və gənclərə diqqət yetirməsini vacib amillərdən hesab edir: “Abbasovun gəlişindən sonra millidə ab-hava müsbətə doğru dəyişib. Futbolçuların daha əzmkar və istəkli olduğunu hər oyunda görürük. Ayxan Abbasov yerli mütəxəssisdir, futbolçularımızı yaxşı tanıyır. Gənclərə də diqqət yetirir. U-21-dən bəzi futbolçuların artıq əsas milliyə cəlb olunması gələcəyi düşünmək baxımından müsbət addımdır. Müsbət hallar çoxdur. Təbii ki, oyun planında hələ də müəyyən çatışmazlıqlar var. Bunun aradan qaldırılması üçün zamana və sabitliyə ehtiyac duyulur. İnanıram ki, zaman keçdikcə oyun keyfiyyəti də düzələcək”.

Mütəxəssis Ayxan Abbasovun bu ilin dekabrında başa çatacaq müqaviləsinin müddətinin uzadılmasının tərəfdarı olduğunu da bildirib. Onun fikrincə, futbolçu seçimindəki məhdudiyyətlər və yerli çempionatda oyunçuların kifayət qədər şans qazanmaması nəzərə alınmalıdır: “Ayxan müəllimin yerli mütəxəssis olmasını, hazırda futbolçu qıtlığını və oyunçuların milli çempionatda az şans qazanmasını nəzərə alaraq, düşünürəm ki, onunla müqavilənin müddəti uzadılmalıdır. Başlanan işin davamını gətirmək vacibdir”.

O, millimizin bu gün Andorra ilə keçirəcəyi yoldaşlıq görüşü barədə də fikirlərini bölüşüb. Mütəxəssis bildirib ki, bu cür qarşılaşmalar gənc futbolçuların imkanlarını yoxlamaq və onların əsas komandaya uyğunlaşmasına şərait yaratmaq baxımından əhəmiyyətlidir: “Hər yoldaşlıq görüşünün öz məqsədi var. Bu gün gənc futbolçuların, yəqin ki, debütü olacaq. Onların milli karyeralarına ilk oyunlardan qələbə ilə başlaması gələcək və milli komandaya uyğunlaşmaları baxımından müsbət amil ola bilər. Düşünürəm ki, millimiz həm komanda, həm də fərdi keyfiyyət baxımından Andorradan üstündür və qalib gələcək”.

Qeyd edək ki, UEFA Millətlər Liqasının D Liqasının B qrupunda mübarizə aparan Azərbaycan millisi dörd oyundan 8 xal toplayaraq birinci yeri tutub.

Müxbir – Mikayıl Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью