Arif Əsədov: “Qol epizodlarından yararlana bilməmək yaralı yerimizdir”

14.11.2026

sport24.az saytına istinadən Icma.az xəbər verir.

"Millimizi Lixtenşteyn üzərində qələbə münasibətilə təbrik edirəm. Qarşıya qoyulan əsas hədəf qrupda lider olmaq idi və komanda buna nail oldu". Bu sözləri Sport24.az-a Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis yığmamızın UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 13-də Vaduts şəhərində keçirilən Lixtenşteyn – Azərbaycan oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Lixtenşteynlə qarşılaşmada nəticə gözəl oyundan daha önəmli idi. Bu baxımdan futbolçularda görüşün əvvəlində müəyyən həyəcan hiss olunurdu. Yığmamız ilk dəqiqələrdən ərazi üstünlüyünə yiyələndi, rəqib meydanında daha çox vaxt keçirdi. Hətta bir qol da vurduq, təəssüf ki, qeydə alınmadı. Bundan əlavə, başqa qol epizodlarımız da oldu, lakin təəssüf ki, onlardan yararlana bilmədik. Bu, bizim yaralı yerimizdir. Belə imkanları dəyərləndirmək üzərində daha çox çalışmalıyıq. Təbii ki, bizim prioritetimiz belə rəqiblərə qarşı qələbə qazanmaqdır. Gələcəkdə isə daha güclü komandalarla başabaş mübarizə apararaq inkişaf etmək və oyun səviyyəmizi yüksəltmək lazımdır. Andorra ilə yoldaşlıq görüşü Ayxan Abbasov üçün gələcək planların qurulması, komandanın vəziyyətinin qiymətləndirilməsi və müəyyən çatışmazlıqların aradan qaldırılması baxımından vacibdir".
Qeyd edək ki, Vaduts şəhərində keçirilən D Liqasının 2-ci qrupunun matçı Azərbaycan komandasının qələbəsi ilə bitib - 1:0. Millimiz dörd oyundan sonra 8 xalla qrupu birinci pilədə başa vurub. Litva dörd xalla ikinci, Lixtenşteyn bir xalla sonuncudur. Noyabrın 16-da, qrupun sonuncu qarşılaşmasında Litva Lixtenşteyni qəbul edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью