futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov sentyabrın 23-də Tacikistanla yoldaşlıq matçına, ardından UEFA Millətlər Liqasında sentyabrın 27-də səfərdə Litva millisi ilə, oktyabrın 1-də Lixtenşteyn yığması ilə, oktyabrın 4-də isə bu komanda ilə keçiriləcək oyunlara 30 futbolçu dəvət edib.
Milli komandanın sabiq baş məşqçisi Arif Əsədov qarşıdan gələn matçlar barədə “Futbolpress.az“ın suallarını cavablandırdı:
– Əsas yığmaya U-21-dən yeni gənclər cəlb olunub. Bu barədə nə düşünürsünüz?
– Təbii ki, bizim rəqabət baxımından elə də böyük seçim imkanımız yoxdur. Məhz ona görə də gənc olmalarına baxmayaraq, hazırda yaxşı futbol sərgiləyən oyunçular dəvət alıblar. Şəxsən mən onların milliyə qatılmasını alqışlayıram.
– Xüsusilə Rəvan Mirzəmmədov və Edqar Adilxanov kimi adların əsas heyətə dəvət olunmasını necə dəyərləndirirsiniz?
– Komandada artıq gəncləşmə prosesi gedir. Adını çəkdiyiniz futbolçuların cəlb olunması müsbət haldır. Əsas məqam bu prosesi birdən-birə yox, mərhələli şəkildə həyata keçirməkdir. Yarışın formatı elədir ki, adekvat rəqiblərlə qarşılaşmalarda gərək riskdən çəkinməyəsən. Vaxtında cəsarətli gedişlər etməklə həmin potensiallı oyunçuları milli komandaya qazandırmaq lazımdır.
– Litva və Lixtenşteynlə keçiriləcək oyunlarda yığmamızın turnirdəki nəticələri barədə gözləntiləriniz necədir?
– Rəqiblər bizim dişimizə görədir və qarşıya birinci yerdən başqa hədəf qoyula bilməz. Bu, futbolçulara təzyiq kimi qiymətləndirilməməlidir, sadəcə qalib ruhudur. Heyətdə nəsil dəyişirsə, gənclər indidən buna alışmalıdırlar.
– Rəqiblərin güc nisbətini necə təhlil edərdiniz?
– Yığmamız hər iki rəqibdən üstündür. Lakin nəzərə almaq lazımdır ki, futbol hər yerdə inkişaf edir. Litvanı götürsək, pis heyətləri yoxdur, oyunçularının 70 faizə yaxını xarici klublarda çıxış edir. Buna görə də rəqibə ciddi yanaşmaq vacibdir.
– Qrupda əsas təhlükə kimdən gələ bilər?
– Litva deyərdim. Məhz bu səbəbdən ilk oyundan çox şey asılı olacaq. Strateji baxımdan səfər matçından qaneedici nəticə ilə qayıtmaq turnirin gedişatına böyük təsir edəcək.
Ayxan Zayıdzadə