Arıqlama dərmanları ilə bağlı xəbərdarlıq: Qəfil dayandırmaq risklidir

19.11.2026

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Arıqlamaq üçün istifadə olunan GLP-1 qrupuna aid dərmanların qəfil dayandırılması bəzi insanlarda ciddi psixiatrik əlamətlərə səbəb ola bilər.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, alimlər tirzepatid inyeksiyasından istifadəni dayandıran iki xəstədə mani, paranoya və hallüsinasiyalar müşahidə edildikdən sonra xəbərdarlıq ediblər.

"The Primary Care Companion for CNS Disorders” jurnalında dərc olunan araşdırmada 61 və 52 yaşlı iki kişinin klinik vəziyyəti təhlil edilib.

İlk xəstədə dərmanı dayandırdıqdan sonra depressiya, çaşqınlıq, paranoya, eşitmə və görmə hallüsinasiyaları yaranıb. Hətta onda insanın öldüyünə və ya bədəninin bəzi hissələrinin mövcud olmadığına inanması ilə xarakterizə olunan nadir Kotar sindromu da aşkarlanıb.

İkinci xəstə isə altı ay ərzində 45 kiloqram arıqladıqdan sonra tirzepatid qəbulunu qəfil dayandırıb. Bundan sonra onda həddindən artıq danışıq, əsəbilik, impulsivlik və özünü olduğundan üstün görmə kimi əlamətlər yaranıb. Həkimlər ona mani diaqnozu qoyublar. Xəstədə B12 vitamini çatışmazlığı və kannabis istifadəsinin artması da müəyyən edilib.

Dərmanla psixi pozuntular arasında əlaqə araşdırılır

Tədqiqat müəllifləri bu iki hadisənin dərmanın dayandırılmasının birbaşa psixi pozuntulara səbəb olduğunu sübut etmədiyini bildirirlər. Bununla belə, əlamətlərin dərman istifadəsi dayandırıldıqdan sonra yaranması mümkün əlaqə ilə bağlı narahatlıq yaradıb.

Alimlərin sözlərinə görə, GLP-1 reseptorları beyində də mövcuddur və bu preparatların qan-beyin baryerini keçə bildiyinə dair sübutlar var. Lakin onların beyinə təsiri hələ tam öyrənilməyib.

Mütəxəssislər həkimləri bu preparatların dayandırılmasından sonra yarana biləcək psixiatrik dəyişikliklərə diqqət yetirməyə çağırırlar.

Qeyd edək ki, araşdırma cəmi iki klinik hadisəyə əsaslanır və dərmanların dayandırılmasının hər kəsdə belə nəticələr yaradacağını sübut etmir. Mütəxəssislər GLP-1 preparatlarının yalnız həkim nəzarəti altında dayandırılmasını tövsiyə edirlər.

Günel

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью