Arıqlama iynələri sağlamlıq üçün nə dərəcədə təhlükəlidir?

25.11.2026

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son illər artıq çəkidən xilas olmaq istəyənlərin üz tutduğu vasitələrdən biri də arıqlama iynələridir. Qısa müddətdə çəki azaltmağa kömək etməsi bu iynələrə marağı artırıb. Ancaq mütəxəssislər xəbərdarlıq edirlər ki, həkim məsləhəti olmadan onlardan istifadə sağlamlıq üçün təhlükəli ola bilər.

Bu iynələrin əsas təsiri iştahanı azaltmaq və insanda toxluq hissini daha uzun müddət saxlamaqdır. Onlar beyində aclıq və toxluq hissini tənzimləyən mərkəzlərə təsir edir, eyni zamanda mədənin boşalmasını ləngidir. Nəticədə insan əvvəlki ilə müqayisədə daha gec acır və daha az qida qəbul edir.

Lakin bu vasitələr hər kəs üçün uyğun deyil. Xüsusilə mədəaltı vəzinin iltihabı və öd daşı xəstəliyi olan şəxslərdə əlavə sağlamlıq problemləri yarana bilər. Buna görə də arıqlama iynələrindən istifadə etməzdən əvvəl həkim müayinəsindən keçmək və sağlamlıq vəziyyətini nəzərə almaq vacibdir.

Diqqət çəkən başqa bir məqam isə bu iynələrin bədəndəki piyləri birbaşa əritməməsidir. Çəki itkisi əsasən iştahanın azalması və qida qəbulunun məhdudlaşması nəticəsində baş verir. Bu zaman yalnız piy deyil, əzələ kütləsi də azala bilər. Bu isə arıqlama prosesində nəzərə alınmalı məqamlardandır.

Mütəxəssislər deyir ki, iynələrin istifadəsi dayandırıldıqdan sonra əvvəlki qidalanma vərdişlərinə qayıtmaq iştahanın artmasına və itirilmiş çəkinin yenidən yığılmasına səbəb ola bilər. Bəzi mütəxəssislər bu vasitələrin hormonal tarazlığa, testosteron səviyyəsinə və cinsi sağlamlığa mümkün təsirləri ilə bağlı da narahatlıqlarını bildirirlər.

Unutmaq olmaz ki, artıq çəkinin yaranma səbəbləri hər insanda fərqlidir. Buna görə də hamı üçün eyni arıqlama üsulunu seçmək düzgün deyil. Əsas məsələ qısa müddətdə çəki itirmək deyil, sağlamlığa zərər vermədən əldə olunan nəticəni qorumaqdır. Bunun üçün düzgün qidalanma, gündəlik hərəkət və həkim nəzarəti əsas şərtlərdir.

İlhamə

Gununesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью