Arıqlama iynəsi Ciddi sağlamlıq riski

02.02.2026

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

MƏDƏALTI VƏZİ ZƏDƏSİ XƏBƏRDARLIĞI

Böyük Britaniyanın Dərman və Səhiyyə Məhsullarını Tənzimləmə Agentliyi (MHRA) arıqlamaq məqsədilə istifadə olunan GLP-1 qrupuna aid inyeksiyalarla bağlı xəbərdarlıq edib. Qurum Wegovy, Ozempic və Mounjaro kimi preparatların nadir hallarda, lakin ciddi nəticələrə səbəb ola bilən kəskin pankreatit — mədəaltı vəzin iltihabı riski daşıdığını açıqlayıb.

MHRA-nın məlumatına görə, əsas əlamətlərə qarın və bel nahiyəsində keçməyən güclü ağrılar, ürəkbulanma və qusma daxildir. Bu simptomlar müşahidə edildikdə dərhal həkimə müraciət edilməsi tövsiyə olunur. Risklə bağlı məlumatlar həm səhiyyə işçiləri, həm də pasiyentlər üçün dərman təlimatlarında yenilənib.

Son dövrlərdə sözügedən preparatlardan istifadə edən şəxslər arasında yüzlərlə kəskin və xroniki pankreatit halı qeydə alınıb. Hazırda bu halların birbaşa dərmanlarla əlaqəsi rəsmi şəkildə təsdiqlənməsə də, nəzarət tədbirləri gücləndirilib. Məlumata görə, son bir il ərzində təxminən 1,6 milyon insan bu preparatlardan istifadə edib.

MHRA vurğulayır ki, GLP-1 preparatları yalnız həkim təyinatı ilə qəbul edilməli, müalicəyə başlamazdan əvvəl mümkün fayda və risklər ətraflı müzakirə olunmalıdır.

Mənbə: BBC News

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью