Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
Son vaxtlar artıq çəkidən qurtulmaq üçün geniş istifadə olunan arıqlama iynələrinin mümkün fəsadları müzakirə mövzusuna çevrilib. Qısa müddətdə xeyli çəki itirmək insanın yalnız bədən quruluşunu deyil, üz cizgilərini də dəyişə bilər. Dərinin boşalması, yanaqların çökməsi və qırışların dərinləşməsi isə bu dəyişikliklərin nəticələrindən hesab olunur.
“Yeni Sabah” xəbər verir ki, türkiyəli dermatoloq Özlem Su Küçük piylənmə və diabetin müalicəsində istifadə edilən GLP-1 qrupuna aid preparatlarla bağlı xəbərdarlıq edib. Həkimin sözlərinə görə, bu preparatlardan istifadə edərək sürətlə arıqlayan insanlarda üzün əvvəlki dolğunluğu itə, dəri daha boş və sallanmış görünə bilər. Bunun əsas səbəblərindən biri çəki itkisi zamanı yağ toxuması ilə yanaşı, əzələ kütləsinin də azalmasıdır.
Mütəxəssis bildirib ki, həftədə bir kiloqramdan artıq çəki itirmək üz görünüşündə nəzərəçarpan dəyişikliklərə yol aça bilər. Belə hallarda almacıq sümükləri daha qabarıq görünür, gözaltı nahiyədə çökəklik yaranır, yanaqlar içəri çəkilir. Boyun və üz dərisinin elastikliyini itirməsi də insanın yaşından daha böyük görünməsinə səbəb ola bilər. Dermatoloq bu dəyişikliklərin aradan qaldırılması üçün dolğu prosedurlarına müraciət edənlərin sayının artdığını da qeyd edib. Bununla belə, o, kosmetik müdaxilələrə tələsməməyi, ilk növbədə dermatoloqla məsləhətləşməyi tövsiyə edib. İnternetdən sifariş
Qeyd edək ki, sürətli çəki itkisi nəticəsində üz nahiyəsində yaranan bu dəyişikliklər yalnız arıqlama iynələri ilə əlaqəli deyil. Piylənmə əməliyyatı keçirən və qısa müddətdə çox kiloqram itirən insanlarda da oxşar hallar müşahidə edilə bilər. Mütəxəssislər çəki azaldarkən sağlamlığın qorunmasının, əzələ kütləsinin saxlanmasının və dərinin vəziyyətinin nəzərə alınmasının vacibliyini vurğulayırlar. Arıqlama prosesinin sürəti isə fərdi sağlamlıq vəziyyətinə uyğun müəyyən edilməlidir.