“Arpa istehsalının artması ət, süd və digər heyvandarlıq məhsullarının maya dəyərinini azalmasına müsbət təsir göstərə bilər”

26.01.2026

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda 2026-cı ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir. Bizimyol.info Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, cari ilin 1 yanvar tarixinə olan məlumata əsasən, ölkə üzrə 958,5 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib. Bu sahənin 98,9 faizini - 948,3 min hektarını dən üçün nəzərdə tutulan payızlıq bitkilər təşkil edir. Onların 457,9 min hektarı buğda, 490,3 min hektarı arpa, 0,1 min hektarı isə çovdar əkinlərinə aiddir. Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 1,7 faiz artıb. Bu artım əsasən arpa əkinlərinin 14,9 faiz çoxalması ilə bağlıdır. Əvəzində buğda səpin sahəsi 9,5 faiz azalıb. Ötən illə müqayisədə arpa səpini 14,9% artıb, buğda isə 9,5% azalıb. Beləliklə, Azərbaycanda ilk dəfə olaraq arpa əkinlərinin sahəsi buğdanı üstələyib.Arpa səpin sahəsinin ilk dəfə buğdanı üstələməsi kənd təsərrüfatı bazarında hansı iqtisadi dəyişikliklərə səbəb ola bilər?Bu bazarda qiymət sabitliyinə necə təsir edəcək?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, arpa buğdaya nisbətən iqlim şəraitinə daha davamlıdır və maya dəyəri də çox vaxt aşağı olur: “Arpa səpin sahəsinin ilk dəfə buğdanı üstələməsi kənd təsərrüfatı bazarında bir neçə mühüm iqtisadi dəyişikliyə səbəb ola bilər. Bu, ilk növbədə fermerlərin bazar siqnallarına uyğunlaşdığını göstərir. Son illərdə arpanın yemlik məqsədlərlə tələbinin artması, xüsusən heyvandarlığın genişlənməsi fonunda fermerlər üçün daha stabil və risk baxımından nisbətən təhlükəsiz məhsul kimi görünməsinə gətirib çıxara bilər. Arpa buğdaya nisbətən iqlim şəraitinə daha davamlıdır və maya dəyəri də çox vaxt aşağı olur, bu da istehsalçıların seçimində rol oynayır. Bu dəyişiklik buğda bazarında təklifin azalması riskini yarada bilər. Əgər buğda istehsalı daxili bazarda payını daha böyük fərqlə itirərsə, idxaldan asılılıq arta bilər və bu da qiymətlərin xarici bazarlardakı dəyişkənliyə daha həssas olmasına səbəb ola bilər. Digər tərəfdən, arpa istehsalının artması yem bazarında qiymətlərin nisbətən sabitləşməsinə və ya hətta ucuzlaşmasına şərait yarada bilər ki, bu da ət, süd və digər heyvandarlıq məhsullarının maya dəyərinini azalmasına müsbət təsir göstərə bilər”.

Akif Nəsirli

Akif Nəsirli vurğulayıb ki, arpa səpin sahəsinin artması bazarın strukturunda dəyişiklikdən xəbər verir: “Qiymət sabitliyi baxımından arpanın payının artması yem sektorunda daha balanslı bir bazar yarada bilər. Lakin buğda strateji məhsul olduğu üçün onun əkin sahəsinin azalması uzunmüddətli perspektivdə diqqətlə izlənməlidir. Əgər dövlət tərəfindən düzgün tənzimləmə və ehtiyat mexanizmləri tətbiq olunarsa, bu dəyişiklik ciddi qiymət dalğalanmalarına səbəb olmaya da bilər.

Ümumilikdə, arpa səpin sahəsinin artması bazarın strukturunda dəyişiklikdən xəbər verir və bu, daha çox bazar yönümlü qərarların verildiyini göstərir. Əsas məsələ bu tarazlığın qorunması və həm ərzaq təhlükəsizliyi, həm də fermer gəlirləri baxımından optimal siyasətin davam etdirilməsidir”.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью