Icma.az, Idman.biz saytına istinadən bildirir.
Londonun "Arsenal" klubunun əfsanəvi sabiq baş məşqçisi, hazırda FIFA-nın futbolun qlobal inkişafı departamentinin rəhbəri olan Arsen Venger Bakıya səfər edə bilər.
İdman.biz xəbər verir ki, UEFA-nın beynəlxalq dərəcəli azərbaycanlı hakim-inspektoru, keçmiş FIFA referisi Asim Xudiyev sosial şəbəkədə məşhur fransalı mütəxəssislə görüşü barədə paylaşım edib.
Xudiyev bildirib ki, oktyabrın 22-də İstanbuldan Bakıya uçuşdan əvvəl Vengerlə qarşılaşıb və onunla xatirə şəkli çəkdirib.
"Bu gün İstanbuldan Bakıya uçuşdan əvvəl dünya şöhrətli, məşhur 'Arsenal' futbol klubunun keçmiş baş məşqçisi Arsen Vengeri görməyə çox şad oldum. Onu yalnız televiziya ekranlarında görmək olurdu", - deyə o yazıb.
Azərbaycanlı hakim-inspektor Vengerin Bakıda təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalında rəsmi qonaq kimi iştirak edə biləcəyini ehtimal edib.
O, həmçinin Bakı reysi ilə bir neçə xarici ölkənin futbol komandasının da Azərbaycana gəldiyini qeyd edərək, təşkilatçı AFFA-ya və U-15 millimizə uğurlar arzulayıb.
Qeyd edək ki, Arsen Venger FIFA-nın yeni U-15 turnirinin konsepsiyasının hazırlanmasında mühüm rol oynayıb. Fransalı mütəxəssis bu yarışın gənc futbolçulara beynəlxalq təcrübə qazandırmaq baxımından əhəmiyyətini dəfələrlə vurğulayıb.
Tarixdə ilk dəfə keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalının oyunları oktyabrın 24-də Bakıda başlayacaq və yarış oktyabrın 30-da başa çatacaq.
Azərbaycan millisi ilk görüşünü oktyabrın 24-də saat 19:30-da Bakı Kristal Zalında Timor-Leste yığmasına qarşı keçirəcək.
Hələlik Arsen Vengerin turnirdə iştirakı rəsmi şəkildə təsdiqlənməyib.