Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
"Arsenal"ın keçmiş baş məşqçisi Arsen Venger FİFA prezidentliyinə potensial namizəd kimi nəzərdən keçirilir. Sport24.az xəbər verir ki. bu barədə "The Times" qəzeti məlumat yayıb.
Təşkilatın hazırkı rəhbəri Canni İnfantinonun opponentləri 2027-ci ilin martında keçirilməsi planlaşdırılan seçkilərdə ona qarşı güclü rəqib tapmağa çalışırlar. Onların bəziləri Vengeri namizədliyini irəli sürməyə razı salmağı hədəfləyir. Namizədliklərin təqdim edilməsi üçün son tarix 18 noyabrdır. Fransalı mütəxəssis hələlik seçkilərdə iştirak etmək niyyətində olduğunu açıq şəkildə bildirməyib.
İnfantino növbəti müddətə yenidən seçilməyi planlaşdırır. Bununla belə, son aylarda FİFA rəhbərliyi bir sıra federasiyaların tənqidi ilə üzləşib.
Qeyd edək ki, Venger 1996-cı ildən 2018-ci ilə qədər "Arsenal"a rəhbərlik edib. O, 2019-cu ilin noyabrından etibarən FİFA-da Qlobal Futbolun İnkişafı üzrə direktor vəzifəsini tutur.