Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
İngiltərə Premyer Liqasının lideri "Arsenal" ciddi itki ilə üzləşib.
QOL.az xəbər verir ki, "topçular"ın aparıcı yarımmüdafiəçisi Mikel Merino zədələnib. Baş məşqçi Mikel Arteta bu mövsüm 6 qolla yadda qalan futbolçunun ayağından əməliyyat olunacağını və may ayına qədər yaşıl meydanlardan uzaq qala biləcəyini açıqlayıb.
İspaniyalı mütəxəssis transfer pəncərəsinin bağlanmasına sayılı saatlar qalmış yeni oyunçu axtarışında olduqlarını da gizlətməyib. O, gənc futbolçu Etan Nvanerinin "Marsel"ə icarəyə verilməsindən sonra Merinonun zədələnməsinin planları pozduğunu vurğulayıb.
Məlumata görə, London klubu "Nyukasl"dan Sandro Tonalini hədəfə alsa da, qarşı tərəf italyalı oyunçunu satmaq niyyətində deyil.
Xatırladaq ki, 2025/26 mövsümünün əvvəlində heyətini Ebereçi Eze, Noni Madueke, Viktor Dyokeres, Piero İnkapiye və Martin Subimendi kimi ulduzlarla gücləndirən "Arsenal" hazırda Premyer Liqaya başçılıq edir, ÇL-də 1/8 finala və Liqa Kubokunda yarımfinala yüksəlib.
Qeyd edək ki, "Arsenal" sabah Liqa Kubokunun yarımfinal cavab oyununda "Çelsi" ilə qarşılaşacaq. İlk oyunda "topçular" 3:2 hesabı ilə qalib gəlib.