Icma.az bildirir, Idman.biz portalına istinadən.
İngiltərənin “Arsenal” futbol komandasının sabiq baş məşqçisi Arsen Venger Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatında Azərbaycan və Andorra milliləri arasındakı qarşılaşmanı izləyib.
İdman.Biz xəbər verir ki, fransalı mütəxəssis Famil Xəlilovun rəhbərlik etdiyi yığmamızın oyununu izləmək üçün Hövsan Yarış Kompleksinə gəlib.
Görüş Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmada yeganə qolu Həsən Məhmədov vurub.
Bu, Azərbaycan yığmasının turnirdə ikinci qələbəsidir. Komandamız ilk matçında Timor-Lesteni 6:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Arsen Venger 1996-2018-ci illərdə “Arsenal”a rəhbərlik edib. Onun baş məşqçiliyi dövründə London təmsilçisi üç dəfə İngiltərə çempionu olub və yeddi dəfə ölkə kubokunu qazanıb.
77 yaşlı mütəxəssis 2019-cu ildən FIFA-nın Qlobal Futbol İnkişafı Departamentinin rəhbəri vəzifəsində çalışır.
Xatırladaq ki, Azərbaycanda ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı oktyabrın 30-da başa çatacaq.