Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Londonun “Arsenal” klubunun əsas qapıçısı David Raya UEFA Çempionlar Liqasının Liqa mərhələsinin beşinci turunda Dortmund “Borussiya”sı ilə keçiriləcək qarşılaşmanı buraxacaq.
İdman.Biz xəbər verir ki, bunu komandanın baş məşqçisi Mikel Arteta oyunöncəsi mətbuat konfransında açıqlayıb.
İspaniyalı mütəxəssis qapıçının zədəsinin ilkin ehtimallardan daha yüngül olduğunu və cərrahi müdaxiləyə ehtiyac qalmadığını bildirib.
“Təəssüf ki, o, sabahkı oyuna hazır deyil. Ancaq zədəsi o qədər də ciddi görünmür. Əlavə müayinələrə ehtiyacımız var, lakin vəziyyət ümidvericidir. Görünür, hər şey gözlədiyimizdən daha yaxşıdır.
Əvvəlcə daha pis nəticədən qorxurduq. Çünki Raya hiss etdiyi ağrıya demək olar ki, dözə bilmirdi. İlkin müayinənin nəticələri isə xeyli müsbət oldu. Əməliyyata ehtiyac yoxdur. Ən böyük qorxumuz da məhz bu idi, çünki cərrahi müdaxilə onu bir neçə ay yaşıl meydanlardan uzaq sala bilərdi”, - deyə Arteta vurğulayıb.
Qeyd edək ki, 31 yaşlı qapıçı İngiltərə Premyer Liqasında “Nyukasl”la 2:2 hesabı ilə başa çatan qarşılaşmada çiynindən zədələnərək 70-ci dəqiqədə meydanı tərk edib. Onu Kepa Arrisabalaqa əvəzləyib.
“Arsenal” - “Borussiya” qarşılaşması noyabrın 25-də Bakı vaxtı ilə saat 23:59-da başlayacaq.