Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Astana, 31 oktyabr, AZƏRTAC
Final görüşündə qələbəyə çox yaxın olduğumu hiss edirdim. Lakin səhvə yol verdim və rəqibimin hücumunu buraxdım.
AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında gümüş medal qazanan Azərbaycanın sərbəst güləşçisi Arseni Cioyev final görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib.
86 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada dördqat dünya çempionu, ABŞ təmsilçisi Kayl Deykə məğlub olub.
Fevralda Albaniyanın paytaxtı Tiranada keçirilən reytinq turnirində eyni rəqibə qalib gələn A.Cioyev budəfəki məğlubiyyətini belə şərh edib: “Bu, güləşdir. Güləşdə bəzən qalib gəlirsən, bəzən isə məğlub olursan. Həmin vaxt mən qalib gəldim, indi isə məğlub oldum. Bu, sadəcə bir dünya çempionatıdır. Qarşıda Olimpiya Oyunları və növbəti dünya çempionatları var. Azərbaycanın qızıl medal qazanmasını, bayrağımızın fəxri kürsünün ən yüksək pilləsində dalğalanmasını istəyirdim. Bunun üçün imkanım var idi, amma alınmadı”.
İdmançı sərbəst güləş üzrə Azərbaycan millisinin heyətində finala yüksələn yeganə təmsilçi olmasını xüsusi üstünlük hesab etmədiyini söyləyib: “Bu, göstərici deyil. Komandamızda yaxşı güləşçilər var. Təəssüf ki, bu dəfə onlardan heç biri finala çıxa bilmədi. Ümid edirəm ki, gələn il daha yaxşı nəticələr göstərəcəyik”.
Güləşçi məşqçilər heyətinin fəaliyyətini və Azərbaycan Güləş Federasiyasının yaratdığı şəraiti də yüksək qiymətləndirib: “Məşqçilərimiz öz işlərinə çox peşəkar yanaşırlar. Başqa ölkələrdə bizim məşqçilərimizdən daha çox çalışan və səy göstərən məşqçilərin adını çəkə bilmərəm. Federasiyamız da bizim üçün bütün mümkün şəraiti yaradır”.
Qeyd edək ki, oktyabrın 24-dən noyabrın 1-dək Astanadakı “Barys Arena” idman kompleksində keçirilən dünya çempionatında 135 ölkədən 900-dən çox idmançı iştirak edir.
Elşən Rüstəmov
AZƏRTAC-ın müxbiri
Astana