“Arşın mal alan” komediyası Moskvada nümayiş etdiriləcək

04.11.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Moskva, 4 noyabr, AZƏRTAC

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında 1945-ci ildə çəkilmiş məşhur “Arşın mal alan” musiqili komediyası yenidən Rusiyanın paytaxtı Moskvada nümayiş olunacaq. Film noyabrın 6-da məşhur “İllüzyon” kinoteatrının Böyük zalında göstəriləcək.

AZƏRTAC xəbər verir ki, “Arşın mal alan” Moskvada keçirilən “Rusiya xalqları” Beynəlxalq Həftəsi festivalının proqramına daxil edilib.

Film Rusiya Dövlət Film Fondunun arxiv kolleksiyasından rəqəmsal daşıyıcı vasitəsilə nümayiş olunacaq.

“Arşın mal alan” filminin nümayişi Rusiya Dövlət Film Fondu tərəfindən “Rusiya xalqları” Beynəlxalq Həftəsi çərçivəsində hazırlanmış arxiv filmləri üzrə xüsusi proqrama daxildir. Proqramda “İlk müəllim”, “İgid qız”, “Buxarada Nəsrəddin”, “Tacikistan oğlu”, “Tabor göylərə gedir” və “Mimino” filmləri də yer alıb.

Filmə baxmaq üçün kinoteatra giriş pulsuzdur. Bunun üçün kinoteatrın saytında əvvəlcədən qeydiyyatdan keçmək lazımdır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью