Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
2026-cı ilin ilk yarısının nəticələri davamlı inkişafı əks etdirir
Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı nəticəsində bu gün qeyri-neft sektorunda, o cümlədən kənd təsərrüfatında müsbət göstəricilər əldə edilməsi xüsusi diqqət çəkir. Son illər aqrar sektorun müasirləşdirilməsi, fermerlərə dövlət dəstəyinin göstərilməsi, rəqəmsal texnologiyaların tətbiq olunması, suvarma və meliorasiya infrastrukturunun yenilənməsi, texnika parklarının genişləndirilməsi, güzəştli kredit və subsidiya mexanizmlərinin təkmilləşdirilməsi hesabına ölkənin sözügedən sahədə yeni inkişaf mərhələsinə qədəm qoyması bu məsələdə önəmli rol oynayır.
Aqrar sektorda yeniləşmə
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2026-cı ilin birinci yarısında aqrar sahənin şaxələnməsi, istehsal həcminin artması və ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətlərində mühüm uğurlar əldə edilib. Aparılan iqtisadi təhlillərə əsasən, hesabat dövründə respublikada 65 milyard 207 milyon manatlıq (keçən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çox) ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Aqrar sektorda isə ÜDM istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,2 faiz çoxalıb. Eyni zamanda, ÜDM istehsalı heyvandarlıq məhsulları üzrə 3 milyard 776 milyon manat (2,5 faiz çox), bitkiçilik məhsulları üzrə 3 milyard 309 milyon manat (1,8 faiz çox) həcmində qeydə alınıb. Bu da sahələr arasında tarazlığın qorunması və həm əkinçiliyin, həm də heyvandarlığın ölkə iqtisadiyyatına mühüm töhfə verməsinin nəticəsi olaraq qiymətləndirilib.
İqtisadçı-ekspert Rövşən Məmmədovun sözlərinə görə, hesabat dövrünün müvafiq statistik göstəriciləri də təsdiq edir ki, aqrar sahədə əldə olunan müsbət dinamika təsadüfi deyil. Rəqəmlər göstərir ki, kənd təsərrüfatı istehsalında artımın qeydə alınması və məhsul çeşidinin genişlənməsi ölkənin ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə, idxaldan asılılığın azalmasına və qeyri-neft ixracının genişlənməsinə mühüm töhfə verir.
Rövşən Məmmədovun fikrincə, müasir dövrdə kənd təsərrüfatı təkcə ərzaq istehsalı ilə məhdudlaşmır. Bu sahə məşğulluğun təmin olunması, regionların sosial-iqtisadi inkişafının diqqətdə saxlanılması, ixrac gəlirlərinin artırılması, sənayenin xammal bazasının formalaşdırılması və kənd yerlərində həyat səviyyəsinin yüksəldilməsi baxımından da strateji əhəmiyyət daşıyır.
Azərbaycanda kənd təsərrüfatı ÜDM-in mühüm hissəsini formalaşdırmaqla yanaşı, həm də yüz minlərlə insanın əsas gəlir mənbəyidir. Xüsusilə regionlarda məşğul əhalinin böyük hissəsinin bu sahədə fəaliyyət göstərməsi aqrar sektorun sosial əhəmiyyətini daha da artırır.
İqtisadçı-ekspert daha sonra bildirdi ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi şaxələndirmə siyasətində kənd təsərrüfatının inkişafı daim prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Son illər yeni dövlət proqramlarının qəbul olunması, subsidiya mexanizmlərinin əhatə dairəsinin genişləndirilməsi, aqrar sığortanın tətbiqinə üstünlük verilməsi, elektron kənd təsərrüfatı informasiya sisteminin yaradılması, aqroparkların inkişafına xüsusi diqqət yetirilməsi və innovativ texnologiyaların tətbiqinin sürətləndirilməsi nəticəsində bu sahədə keyfiyyətcə yeni inkişaf mərhələsi formalaşıb.
Diqqəti cəlb edən əsas məqamlardan biri də aqrar sektorun istehsal strukturunda tarazlığın qorunmasıdır. Belə ki, bir sıra ölkələrdə kənd təsərrüfatının yalnız bir istiqaməti üstünlüyü ilə diqqət çəkdiyi halda, Azərbaycanda həm bitkiçilik, həm də heyvandarlıq paralel inkişaf edir. Bu isə bazarın mövsümi risklərə qarşı daha dayanıqlı xarakter almasını gerçəkləşdirir. Məhz istehsal strukturunun belə balanslı inkişafı qiymət sabitliyinin qorunmasına, kənd təsərrüfatı məhsullarının davamlı təklifinə və ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət edir.
Yüksək məhsuldarlığa doğru
Yeri gəlmişkən, yuxarıda kənd təsərrüfatı ilə bağlı xatırlatdığımız statistik rəqəmlər yüksək görünməsə də, aqrar iqtisadiyyatda davamlı artım məhz belə sabit dinamika ilə xarakterizə olunur. Çünki kənd təsərrüfatı iqlim dəyişiklikləri, su ehtiyatları, beynəlxalq bazarlardakı qiymət dəyişmələri və təbii risklərdən birbaşa asılı olan sahədir. Məhz indiki mürəkkəb iqlim şəraitdə istehsalın sabit artım tempini qorumaq dövlət dəstəyi mexanizmlərinin səmərəliliyindən xəbər verir.
Xatırladaq ki, cari il iyulun 1-nə olan məlumata görə, ölkədə yazlıq kənd təsərrüfatı bitkiləri 378 min hektar sahədə əkilib. Əkin kampaniyasının nəzərdə tutulan aqrotexniki müddətlərdə başa çatdırılması məhsuldarlığın yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Son illər kənd təsərrüfatında istifadə olunan müasir toxum sortları, damcı suvarma sistemləri, yüksək məhsuldarlıqlı texnika və rəqəmsal monitorinq vasitələri əkin prosesinin daha səmərəli təşkilinə imkan yaradıb.
Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi maarifləndirmə tədbirləri, aqronom məsləhət xidmətləri və elektron informasiya sistemləri fermerlərin daha düzgün qərarlar qəbul etmələrinə müsbət təsir göstərib. Bu isə məhsul yığımı üzrə yüksək göstəricilərin əldə olunmasına gətirib çıxarıb.
Cari ilin ilk yarısında məhsul yığımı istiqamətində də diqqətəlayiq nəticələr əldə olunub. Belə ki, iyulun 1-nə qədər tarlalardan 2 milyon 59 min ton dənli və dənli-paxlalılar, 2 milyon 311 min ton yem bitkiləri, 823 min ton tərəvəz, 395 min ton kartof, 218 min ton meyvə və giləmeyvə, 130 min ton bostan məhsulları, 20,5 min ton şəkər çuğunduru, 624 ton tütün, 600 ton yaşıl çay yarpağı yığılıb. Bu göstəricilər, eyni zamanda, Azərbaycanın müxtəlif torpaq-iqlim zonalarının potensialından səmərəli istifadə olunması nəticəsində əldə edilib.
Hesabat dövründə heyvandarlıq sektorunda da bir sıra mühüm nəticələr əldə olunub. Belə ki, quş əti daxil olmaqla, diri çəkidə ət istehsalı 305 min tona, süd istehsalı 1 milyon 140 min tona, yumurta istehsalı 1 milyard 217 milyon ədədə, yun istehsalı 13 min tona və barama istehsalı 155 tona yüksəlib. Ət istehsalındakı artım hesabına daxili bazarın keyfiyyətli ət məhsulları ilə təminatı güclənib.
Mütəxəssislərin fikrincə, son illərdə damazlıq işinin təkmilləşdirilməsi, yem bazasının gücləndirilməsi, baytarlıq xidmətlərinin genişləndirilməsi və fermerlərə verilən dövlət dəstəyi məhsuldarlığın yüksəlməsində əsas rol oynayıb.
Quşçuluq sahəsi də ərzaq təhlükəsizliyinin əsas dayaqlarından biridir. Azərbaycanda son illər ən sürətlə inkişaf edən aqrar istiqamətlərdən biri quşçuluqdur. 2026-cı ilin ilk yarısında ixtisaslaşmış quşçuluq müəssisələrinin fəaliyyətində müşahidə olunan sabit artım daxili bazarın quş əti və yumurta ilə təminatının daha da gücləndiyini göstərir.
Bu sahədə müasir texnologiyaların tətbiqinə üstünlük verilməsi, yüksək məhsuldarlıqlı cinslərin yetişdirilməsi, yem istehsalının inkişafına və biotəhlükəsizlik standartlarının qorunmasına ciddi diqqət yetirilməsi məhsulun maya dəyərinin optimallaşdırılmasına və keyfiyyətinin yüksəldilməsinə şərait yaradır. Quşçuluğun inkişafı, eyni zamanda, idxaldan asılılığın azaldılması ilə yanaşı, ixrac potensialının formalaşmasına da imkan verir.
Beləliklə, 2026-cı ilin yanvar-iyun ayları üzrə aqrar sektorun statistikasından görünür ki, dövlət dəstəyi mexanizmlərinin tətbiqinin diqqətdə saxlanılması, fermer təsərrüfatlarında əkin və becərmə işlərinin vaxtında həyata keçirilməsi nəticəsində bu sahədə müsbət meyillər nəzərə çarpıb. Bitkiçilik və heyvandarlıq məhsullarının artım dinamikası isə daxili bazarın ərzaq təhlükəsizliyini etibarlı şəkildə qorumaqla yanaşı, ixrac potensialını da gücləndirib.
Rəqəmsal idarəçilik
Kənd təsərrüfatında subsidiya mexanizmlərinin tətbiqi ilə istehsalın həcmi xeyli çoxalıb. Əkin və məhsul subsidiyalarından, güzəştli mineral gübrələrdən geniş istifadə edilməsi, kənd təsərrüfatı texnikasının lizinq yolu ilə təqdim olunması, güzəştli kreditlərdən, aqrar sığorta sistemindən yararlanılması nəticəsində fermerlərin maliyyə yükü əhəmiyyətli dərəcədə azalıb.
Eyni zamanda, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə subsidiyaların şəffaf şəkildə verilməsi isə dövlət dəstəyinin ünvanlılığını artırıb. Bütün bunlar fermerlərin daha çox investisiya qoymasına, məhsuldarlığı yüksəltməsinə və müasir texnologiyalara keçidi sürətləndirməyə əlverişli imkan yaradıb.
Dünya təcrübəsi göstərir ki, kənd təsərrüfatının gələcəyi rəqəmsallaşma və innovasiyalarla sıx bağlıdır. Bu mənada, hazırda Azərbaycanda da “ağıllı” suvarma sistemlərindən geniş istifadə olunması, peyk monitorinqinin aparılması və pilotsuz uçuş aparatlarından davamlı yararlanılması, torpaq analizlərinin reallaşdırılması, rəqəmsal xəritələşdirmə və süni intellekt əsaslı aqrotexnoloji həllərin genişləndirilməsi ön planda saxlanılır.
Bu texnologiyalar su və gübrə sərfiyyatını azaldır, məhsuldarlığı artırır, istehsal xərclərini optimallaşdırır və iqlim dəyişikliklərinin yaratdığı risklərin idarə olunmasına kömək edir. Bununla yanaşı, aqroparkların fəaliyyəti iri təsərrüfatlarda müasir texnologiyaların tətbiqini sürətləndirərək ixracyönümlü istehsalın genişlənməsinə şərait yaradır. Azərbaycanın həyata keçirilən aqrar siyasət istehsalın artırılması ilə bərabər, həm də dayanıqlı və iqlimədavamlı aqrar modelin formalaşdırılmasına müsbət təsir göstərir.
İxrac imkanları genişlənir
Qlobal iqlim dəyişiklikləri bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da yeni çağırışlar yaradır. Yağıntı rejiminin dəyişməsi, quraqlığın uzun müddət davam etməsi, su ehtiyatlarının məhdudlaşması və ekstremal hava hadisələri kənd təsərrüfatının davamlı inkişafına təsir göstərən əsas amillər sırasındadır. Bu baxımdan su ehtiyatlarından səmərəli istifadə olunması, müasir meliorasiya sistemlərinin qurulması, quraqlığadavamlı toxum sortlarının tətbiqinin diqqətdə saxlanılması və iqlimə uyğun aqrotexniki tədbirlərin genişləndirilməsi gələcək inkişafın əsas şərtlərindən hesab olunur.
Kənd təsərrüfatı məhsullarının istehsalındakı artım ixrac imkanlarının da genişlənməsinə şərait yaradır. Azərbaycanın meyvə-tərəvəz, fındıq, pambıq, barama, çay, şərabçılıq məhsulları və digər aqrar məhsulları xarici bazarlarda rəqabət qabiliyyətini getdikcə artırır. Logistika imkanlarının genişlənməsi, nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi və beynəlxalq sertifikatlaşdırma sistemlərinin tətbiq olunması yerli məhsulların yeni bazarlara çıxışını asanlaşdırır. Bu isə qeyri-neft ixracının artırılması və ölkəyə daxil olan valyuta gəlirlərinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
2026-cı ilin ilk yarısının nəticələri göstərir ki, Azərbaycanın kənd təsərrüfatı sabit inkişaf xəttini qoruyub saxlayır. Hesabat dövründə respublikanın bitkiçilik və heyvandarlıq sahələrində artımın davam etməsi, yaz əkinlərinin vaxtında başa çatması, nəticədə əldə edilən müsbət göstəricilərin diqqət çəkməsi aqrar siyasətin səmərəliliyini bir daha təsdiqləyir.
Əldə olunan nəticələr sübut edir ki, dövlət dəstəyi, fermerlərin artan peşəkarlığı, müasir texnologiyaların tətbiqi və kənd təsərrüfatının elmi əsaslarla idarə olunması Azərbaycanın ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində həlledici rol oynayır. Qarşıdakı dövrdə rəqəmsal kənd təsərrüfatının genişləndirilməsi, innovativ istehsal metodlarına daha geniş yer verilməsi, su ehtiyatlarından səmərəli istifadə və ixracyönümlü məhsul istehsalının artırılması aqrar sektorun rəqabət qabiliyyətini daha da yüksəldəcək.
Beləliklə, 2026-cı ilin ilk yarısının statistik göstəriciləri təkcə cari dövrün uğurlu göstəricisi deyil, həm də ölkənin qeyri-neft iqtisadiyyatının dayanıqlı inkişaf modelinin real nəticələrinin və aqrar sektorun respublikanın sosial-iqtisadi tərəqqisində strateji rolunun əyani təzahürüdür.
Vaqif BAYRAMOV
XQ