Artım rəqəmi açıqlandı Pensiya kapitalları ilə bağlı yenilik

26.01.2026

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Vətəndaşların fərdi hesablarındakı pensiya kapitalları bu ildən etibarən ötən ilin inflyasiya göstəricisinə uyğun olaraq artırılacaq.
Demokrat.az saytı xəbər verir ki, bunu iqtisadçı alim, deputat Vüqar Bayramov deyib. O, "Əmək pensiyaları haqqında" Qanunun tələblərinə əsasən, sığortaolunanların şəxsi hesabındakı vəsaitlərin ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirildiyini bildirib.
Vüqar Bayramovun sözlərinə görə, Dövlət Statistika Komitəsinin 2025-ci il üzrə açıqladığı 5.6 faizlik inflyasiya dərəcəsi birbaşa pensiya kapitallarının artımına tətbiq olunacaq. Bu o deməkdir ki, 2026-cı ilin yanvarın 1-nə qədər fərdi hesabında vəsaiti olan hər bir vətəndaşın yığımı 5.6 faiz çoxalacaq. Məsələn, şəxsi hesabında 40 min manat yığılmış şəxsin kapitalının üzərinə 2 min 240 manat əlavə olunacaq və ümumi məbləğ 42 min 240 manata çatacaq. Bu prosesin rəsmiləşdirilməsi üçün fevral ayının əvvəlində ölkə başçısının müvafiq sərəncam imzalayacağı gözlənilir.
Ekspert vurğulayıb ki, pensiya kapitalının indeksləşdirilməsi fərdi yığımların inflyasiya qarşısında dəyər itirməsinin qarşısını almaq məqsədi daşıyır. Burada önəmli məqam ondan ibarətdir ki, pensiya kapitalı ilə ödənilən aylıq pensiyaların artım mexanizmi fərqlidir. Hazırda pensiya kapitalı inflyasiya səviyyəsinə (5.6%) uyğun artırılsa da, əmək pensiyalarının orta aylıq əməkhaqqındakı artım tempinə əsasən 9.2 faiz artacağı proqnozlaşdırılır. Beləliklə, həm işləyən şəxslərin gələcək pensiya bazası, həm də hazırda pensiya alanların aylıq gəlirləri artmış olacaq.
Bu artım vətəndaşın gələcəkdə alacağı pensiya məbləğinin indidən artması və "kağız üzərindəki" yığımlarının bazarda bahalaşan məhsulların qiymətinə qarşı sığortalanmasıdır. Əgər siz hal-hazırda işləyirsinizsə, maaşınızdan tutulan sosial sığorta haqları fərdi hesabınızda sadəcə rəqəm olaraq qalmır, dövlət hər il o rəqəmi inflyasiyaya uyğun böyüdür ki, illər sonra təqaüdə çıxanda pulunuz dəyərsizləşməsin. Bu, vətəndaşın gələcək sosial təminatının daha dolğun olması və yığımların real alıcılıq qabiliyyətinin qorunması deməkdir.
Demokrat.az
 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью