Newscenter.az saytına istinadən Icma.az xəbər verir.
Əgər biz Azərbaycan və Ermənistan arasında sülh sazişinin bu il imzalanmasının mümkünlüyü məsələsinə ABŞ-ın İran və Rusiya-Ukrayna müharibəsi istiqamətində artan fəallığı fonunda yanaşsaq o zaman ilk baxışda Vaşinqtonun Cənubi Qafqaza diqqətinin azalacağı qənaəti yarana bilər. Lakin prosesə daha geniş geosiyasi müstəvidən baxdıqda deyə bilərik ki, ABŞ-ın digər böhranlarla məşğul olması Azərbaycan-Ermənistan sülh gündəliyinin ikinci plana keçməsi anlamına gəlmir. Əksinə, Vaşinqton üçün Cənubi Qafqazda sabitliyin təmin olunması daha geniş regional təhlükəsizlik, nəqliyyat və enerji gündəliyinin tərkib hissəsinə çevrilib.
Bilirik ki, artıq sülh prosesində ciddi irəliləyiş əldə olunub, 8 avqust Vaşinqton görüşündə sülh sazişinin paraflanması baş tutub və bu baxımdan indi əsas məsələ sülh sazişinin siyasi və hüquqi rəsmiləşdirilməsinin nə zaman baş verəcəyi ilə bağlıdır. Bunun baş verməsi üçün isə mühüm siyasi-hüquqi məsələnin həlli, yəni, Ermənistan Konstitusiyasının dəyişdirilməsi lazımdır.
Azərbaycanın haqlı olaraq mövqeyi ondan ibarətdir ki, Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı potensial iddialar yaradan müddəalar aradan qaldırılmalıdır. Rəsmi Bakı bunu sadəcə texniki və ya daxili hüquqi məsələ kimi deyil, gələcək sülhün hüquqi və siyasi dayanıqlığının təminatı kimi baxır. Bu səbəbdən konstitusiya dəyişikliyi olmadan yekun sülh sazişinin imzalanması hazırkı şərtlər daxilində, yəni Ermənistan Konstitusiyasına müvafiq düzəlişlər olmadan mümkün görünmür.
Burada Ermənistanın daxili siyasi reallıqları da nəzərə alınmalıdır. Bilirik ki, Konstitusiya dəyişikliyi yalnız hökumətin siyasi qərarı deyil, daxili siyasi konsensus və hüquqi prosedurlar tələb edən prosesdir. 2026-cı il parlament seçkilərindən sonra Baş nazir Nikol Paşinyanın siyasi mövqeyi güclənsə də, konstitusiya dəyişikliyi üçün tələb olunan üstünlüyü əldə edə bilmədi. Bu amil prossesin sürətinə təsir göstərən ən vacib amillərdən biridir.
ABŞ-ın digər qlobal böhranlarla məşğul olması isə müəyyən risklər yaratsa da, Azərbaycan üçün müəyyən imkanlar da yarada bilər. Vaşinqtonun əsas maraqlarından biri Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunması, regionun nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi və Avropa ilə Mərkəzi Asiya arasında yeni bağlantıların inkişafıdır. Bu baxımdan Azərbaycan-Ermənistan sülhü ABŞ-ın daha geniş geosiyasi məqsədlərinə də xidmət edir deyə bilərik.
Ümumiyyətlə isə sülh sazişi istiqamətində əsas düyün ABŞ-nin digər böhranları prioritetləşdirməsi yox Ermənistanın Konstitusiya məsələsini həll etməsi və bunun ardınca sazişin imzalanması və ratifikasiyası üçün siyasi iradə nümayiş etdirməsidir. Əgər bu məsələ həll olunarsa, ABŞ-ın diqqətinin İran və Ukrayna kimi daha ağır böhranlara yönəlməsi sülh prosesinin qarşısını alan amilə çevrilməyəcək.
Yusif Bağırzadə, politoloq