Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistan Baş Prokurorluğu İrəvanda, Nairi Zaryan küçəsi, 17/2 ünvanında yerləşən uydurma “Artsax daimi nümayəndəliyi” binasının müsadirəsi ilə bağlı yekun qərar vermək əzmindədir.
Yerli media yazır ki, prokurorluq saxta “hökumət”in əks-iddiasına baxmaqdan və onu tərəf kimi tanımaqdan qəti şəkildə imtina edib. Bunu da belə bir hökumətin mövcud olmadığı ilə əsaslandırıb.
Bu barədə mifik qurumun “vəkili” Roman Yeritsyan öz feysbuk səhifəsində yazıb. Onun iddiasına görə, əmlakdan məhrum etmə məsələsinə qeydiyyatdan keçmiş hüquqi şəxsin - bina sahibinin iştirakı olmadan baxılır. Qərar 22 may 2026-cı ildə dərc olunacaq”.
Bu qərar hansı anlama gələcək, nəyi dəyişəcək? Ondan sonra uydurma rejimin “nümayəndəliyi” başqa bir yerdə toplaşa bilərmi? Niyə məhz mayda? Bunu iyundakı kritik parlament seçkiləri ilə hər hansı bağlılığı mümkünmü?
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli Musavat.com-a deyib ki, keçmiş qondarma qurumun İrəvanda fəaliyyəti sülh prosesinə xələl gətirir.
Onun fikrincə, ümumiyyətlə, Ermənistan onlara qadağa qoymalıdır: "Çünki separatçı tör-töküntülər ərazi iddiası irəli sürür. Onlar "artsax" adlı ikinci erməni dövləti qurulacağına hələ də inanırlar. Bu da Qarabağın Azərbaycan ərazisi kimi tanınmasına qarşı şübhə yaratmaqdır. Deməli, separatçılar 8 avqust sənədinə qarşı çıxırlar. Elə buna görə də Paşinyan hakimiyyəti onlara hər hansı ofis verməməlidir".
Partiya funksionerinə görə, may ayında separatçıların binadan çıxarılması bu prosesə bir hazırlıq ola bilər: "Paşinyan bilir ki, onlar seçkilərdə müxalifəti dəstəkləyəcək. Bu da Rusiyanın maraqlarına uyğundur. Ancaq hakim partiya seçkiləri udacaq. Ondan sonra separatçılara toplaşmaq da qadağan oluna bilər. Biz də açıq şəkildə çağırış etməli, təzyiqləri artırmalı və tələb irəli sürməliyik ki, Azərbaycana ərazi iddiası qaldıranların fəaliyyəti yasaqlansın. Bu adamlar Qarabağdan gediblər və anlamırlar ki, hər şey bitib, İrəvanda işləyib həyatlarını yaşamalıdırlar. Yəni hansısa qərargaha toplaşıb müzakirə aparmaqla Xankəndiyə qayıtmaq olmur. Azərbaycan əvvəlcədən təklif verib, reinteqrasiya proqramı hazırlayıb, amma imtina edərək bölgədən çıxıblar. Niyə gediblər ki, indi qayıdışdan danışırlar? Bu, absurd yanaşmadır".