Arxadan çəkən radarlar sürücülərin davranışını dəyişə bilər AÇIQLAMA

12.08.2026

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Bildiyimiz kimi, yol hərəkətinə nəzarətdə istifadə olunan texniki vasitələrin imkanları genişlənir və artıq bəzi radar-kamera sistemləri nəqliyyat vasitəsini yalnız ön tərəfdən deyil, arxa tərəfdən də qeydə ala bilir. Hesab edirəm ki, bu yanaşma yol təhlükəsizliyi baxımından müsbət addımdır. Çünki indiyə qədər bəzi sürücülər radarın yerini bildikləri üçün yalnız həmin nöqtəyə yaxınlaşarkən sürəti azaldır, radarı keçdikdən dərhal sonra isə yenidən sürət həddini aşırdılar".

Bu fikirləri Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev səsləndirdi.

O qeyd etdi ki, arxadan qeydəalma imkanı sürücüdə “radarı keçdim, artıq sürəti artıra bilərəm” düşüncəsinin qarşısını müəyyən qədər ala bilər:

"Əsas məqsəd sürücünü cərimələmək deyil, sürət rejiminə yolun bütün hissəsində əməl etməyə sövq etmək olmalıdır. Digər mühüm məsələ motosiklet və mopedlərdir. Bu nəqliyyat vasitələrində dövlət qeydiyyat nişanı əsasən arxa hissədə yerləşdiyindən, arxadan qeydəalma onların törətdiyi pozuntuların müəyyənləşdirilməsi baxımından da əhəmiyyətlidir. Bununla yanaşı, hesab edirəm ki, texnologiyanın tətbiqi maksimum şəffaf olmalıdır: qeydə alınan görüntüdə avtomobilin dövlət qeydiyyat nişanı, pozuntunun baş verdiyi yer və vaxt, müəyyən edilmiş sürət, həmin yolda icazə verilən sürət həddi aydın görünməlidir. Sürücünün hansı istiqamətdən çəkilməsindən asılı olmayaraq, əsas məsələ pozuntunun texniki vasitə ilə dəqiq və mübahisə doğurmayacaq formada sübuta yetirilməsidir. Ümumilikdə, radarın öndən və ya arxadan çəkməsi sürücünün davranışını dəyişməməlidir. Sürücü yol hərəkəti qaydalarına radar gördüyü üçün deyil, özünün, sərnişinlərinin və digər hərəkət iştirakçılarının həyatını qorumaq üçün əməl etməlidir. Radarın qarşısında sürəti azaldıb, onu keçəndən sonra yenidən sürətləndirmək təhlükəsiz sürücülük deyil. Əgər yeni texnologiyalar sürücüdə “məni haradan çəkəcəklər?” düşüncəsini deyil, “mən hər yerdə qaydaya əməl etməliyəm” düşüncəsini formalaşdıracaqsa, bunun yol-nəqliyyat hadisələrinin və sürət həddinin aşılması hallarının azalmasına müsbət təsiri ola bilər".

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью