Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Maraqlar toqquşması haqqında" qanun layihəsi dövlət idarəçiliyində şəffaflığın təmin edilməsi, korrupsiya risklərinin azaldılması, vəzifəli şəxslərin məsuliyyətinin artırılması və cəmiyyətin dövlət institutlarına etimadının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamanetin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev deyib.
O bildirib ki, maraqlar toqquşması dövlət vəzifəsini həyata keçirən şəxsin şəxsi maraqları ilə üzərinə götürdüyü xidməti vəzifələr arasında ziddiyyət yarandıqda və ya belə bir ziddiyyətin yaranması ehtimalı olduqda meydana çıxır:
"Bu, ilk növbədə, şəxsi maraqların ictimai mənafeyə üstün gəlməsinin qarşısını almaq məsələsidir. Təsəvvür edək ki, hər hansı vəzifəli şəxs dövlət satınalması, işə qəbul, vəzifəyə təyinat və ya maliyyə vəsaitlərinin bölüşdürülməsi ilə bağlı qərar qəbul edir. Əgər həmin qərarda onun özünün, yaxın qohumlarının və ya əlaqəli olduğu şəxslərin marağı varsa, obyektivlik və qərəzsizlik məsələsi ortaya çıxır. Belə hallarda əsas tələb şəxsin şəxsi maraqlarını gizlətməməsi, müvafiq qaydada açıqlaması və qərarların qanunvericiliyə uyğun, qərəzsiz qəbul edilməsinin təmin olunmasıdır. Burada vacib bir məqamı vurğulamaq lazımdır. Maraqların toqquşması ilə korrupsiya eyni anlayışlar deyil. Maraqların toqquşması özlüyündə hər zaman cinayət demək deyil. Lakin onun düzgün idarə olunmaması korrupsiya üçün əlverişli şərait yarada bilər. Məhz buna görə də belə halların vaxtında müəyyən edilməsi və qarşısının alınması dövlət idarəçiliyinin mühüm elementlərindən biri olmalıdır".
Komitə sədri qeyd edib ki, dövlət vəzifəsi şəxsi maraqların təmin edilməsi vasitəsi deyil, cəmiyyətə xidmət məsuliyyətidir: "Hər bir vəzifəli şəxs qərar qəbul edərkən şəxsi münasibətlərini və maraqlarını deyil, qanunu və ictimai mənafeyi əsas götürməlidir. Maraqların toqquşmasının qarşısının alınması haqqında qanunun əsas məqsədi də məhz bu prinsipi hüquqi və institusional mexanizmlərlə möhkəmləndirmək olmalıdır. Bu isə dövlət idarəçiliyində şəffaflığın artırılmasına, korrupsiya risklərinin azaldılmasına və vətəndaşların dövlətə inamının gücləndirilməsinə mühüm töhfə verə bilər".