Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Turan Tovuz” Misli Premyer Liqasında “Sumqayıt”a qalib gəldi – 2:1. Kurban Berdıyevin yetirmələri ilk hissədə geri düşməsinə baxmayaraq, yekunda üç xalı qazanan tərəf oldu.
Nəticə tovuzlular üçün qənaətbəxş olsa da, sərgilənən oyun ümid vermir. Xüsusilə hücum qurmaqda çətinlik çəkən meydan sahibləri, uzun ötürmələr və standart vəziyyətlərdən fərq yaratmağa çalışdı.
Berdıyevin gəlişindən sonra oyun planında dəyişiklik olmayan “Turan Tovuz” artıq rəqiblər üçün də asan təhlil olunur. İstər “Şamaxı”, istərsə də “Sumqayıt”la oyunlarda bunun şahidi olduq. “Kimyaçılar” ikinci hissənin sonunda təzyiqi artırıb, qol vurmağa da yaxın idi, ancaq dəqiqlik çatmadı və yekunda qələbə “Turan Tovuz”un oldu.
Nəticənin oyuna görə olduğunu demək olmaz. Hücumlara baxsaq, “Sumqayıt” daha yaxşı təsir bağışladı. Buna baxmayaraq, “gənclik şəhəri” təmsilçisi müdafiə planında axsayır. Eyni zamanda irəlidə də bitiricilik problemi var.
Yeni baş məşqçi Filipe Kandidonun hansı oyun fəlsəfəsini tətbiq etməyə çalışdığı anlaşılmır. Transferlər hələ uyğunlaşmayıb. Komanda məhz futbolçuların fərdi bacarıqları hesabına nələrsə etməyə çalışır.
Gedişat “kimyaçılar” üçün yaxşı deyil. İlk turlarda iddialı kollektivlərlə qarşılaşan “Sumqayıt”a məğlubiyyətlər bir növ bəhanə ola bilər, ancaq artıq qələbə qazanmaq, xal toplamaq vaxtıdır. Əks halda, Kandidonun buradakı günləri tez başa çatacaq.
“Sumqayıt” növbəti turda “Şamaxı”nı qəbul edəcək, “Turan Tovuz” isə “Araz-Naxçıvan”la üz-üzə gələcək.
Şahin Cəfərov