Arzumun cəzası AZALDILIR?

17.07.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

"Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın hökmündən apellyasiya şikayəti verilib.

Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinə görə məhkum edilən "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın barəsində çıxarılmış hökmdən apellyasiya şikayəti verilib.

"Cebheinfo.az" xəbər verir ki, işə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Cinayət işi hakim Elnur Nuriyevin icraatına verilib. Məhkəmənin ilkin baxış iclasının iyulun 22-nə təyin olunduğu bildirilib.

Xatırladaq ki, Xəzər Rayon Məhkəməsinin hökmü ilə İlduzə Hacıyeva 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. O, hökm elan olunduqdan sonra  məhkəmə zalında həbs olunub.

Cinayət işinin materiallarına əsasən, hadisə 2025-ci ilin iyun ayında Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib. İttihama görə, İlduzə Hacıyeva idarə etdiyi avtomobillə dönmə manevri edərkən arxadan gələn nəqliyyat vasitəsinə yol verməyərək onun hərəkət istiqamətinə çıxıb. Nəticədə həmin avtomobil idarəetmədən çıxaraq yol-nəqliyyat hadisəsi törədib.

Qəza zamanı bir nəfər hadisə yerində həyatını itirib, daha bir nəfər isə ağır bədən xəsarətləri alıb.
İstintaq dövründə İlduzə Hacıyeva barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdi. 

Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü maddəsi (yol-nəqliyyat hadisəsi yerindən qaçma) ilə yekun ittiham irəli sürülüb.

Hazırda müdafiə tərəfinin verdiyi apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsində araşdırma aparılacaq. Məhkəmə birinci instansiya məhkəməsinin hökmünün qanuni və əsaslı olub-olmadığını qiymətləndirəcək.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью