Arzuxan Əlizadə: “Ağdamın inkişafına kompleks yanaşmaq lazımdır”

20.11.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ağdamın Şəhər Günü münasibətilə şəhərdə həyata keçirilən bərpa və quruculuq işləri, infrastrukturun yenilənməsi və sosial-iqtisadi inkişaf istiqamətində atılan addımlar diqqət mərkəzindədir. Uzun illər işğal altında qalmış Ağdamın yenidən qurulması, tarixi simasının bərpası və müasir şəhər kimi formalaşdırılması Azərbaycanın postmünaqişə dövründə qarşıya qoyduğu əsas hədəflərdəndir. Bununla yanaşı, şəhərin iqtisadi potensialının üzə çıxarılması və dayanıqlı inkişafının təmin edilməsi də mühüm əhəmiyyət daşıyır.

Bəs Ağdamın iqtisadi potensialının, xüsusilə sənaye, kənd təsərrüfatı və turizm imkanlarının inkişafı üçün qarşıdakı dövrdə hansı addımların atılması vacibdir?

Deputat Arzuxan Əlizadə “Cebheinfo.az”a bildirib ki, Ağdam Şəhəri Günü münasibətilə şəhərdə həyata keçirilən bərpa və quruculuq işləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərin yenidən qurulması siyasətinin mühüm istiqamətlərindən biridir:

“Ağdam uzun illər işğal nəticəsində dağıntılara məruz qalmış, öz tarixi simasını və əvvəlki həyat ritmini itirmiş şəhərlərimizdən biri olub. Bu gün isə şəhərdə aparılan işlər onun yenidən dirçəldilməsinə, sakinlərin doğma yurdlarına qayıdışına və müasir yaşayış mühitinin formalaşdırılmasına xidmət edir.

Ağdamın bərpasına yalnız dağıdılmış binaların yenidən tikilməsi kimi yanaşmaq düzgün olmazdı. Burada əsas məqsəd müasir şəhər infrastrukturu, sosial xidmətlər, təhsil və səhiyyə müəssisələri, yaşayış kompleksləri və ictimai məkanlarla bütöv bir şəhər mühitinin yaradılmasıdır. Eyni zamanda, Ağdamın tarixi yaddaşının qorunması, şəhərin memarlıq və mədəni irsinin gələcək nəsillərə çatdırılması da xüsusi əhəmiyyət daşıyır".

İqtisadi potensiala gəldikdə isə deputat hesab edir ki, Ağdamın gələcək inkişafında sənaye, kənd təsərrüfatı və turizm bir-birini tamamlayan əsas istiqamətlər olmalıdır:

"Bu baxımdan Ağdam Sənaye Parkının fəaliyyətinin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Artıq burada müxtəlif istehsal müəssisələrinin yaradılması istiqamətində layihələr həyata keçirilir. Yeni investisiyaların cəlb edilməsi, yerli xammal əsasında məhsul istehsalının artırılması, emal sənayesinin inkişafı və kiçik sahibkarlığın dəstəklənməsi vacibdir. Xüsusilə kənd təsərrüfatı məhsullarının emalı və saxlanılması üçün müasir müəssisələrin yaradılması fermerlərin fəaliyyətinə əlavə stimul verə bilər. Bununla yanaşı, müasir suvarma sistemlərinin qurulması, torpaqlardan səmərəli istifadə və aqrar texnologiyaların tətbiqi də diqqət mərkəzində olmalıdır.

Turizm sahəsində isə Ağdamın zəngin tarixi, mədəni irsi və Qarabağın ümumi turizm potensialı əsas imkanlardır. İmarət Kompleksinin bərpası, Cümə məscidinin yenidən qurulması, Muğam Mərkəzinin fəaliyyətə başlaması şəhərin mədəni turizm imkanlarını genişləndirir. Bu potensialdan istifadə etməklə yeni turizm marşrutları hazırlanmalı, hotelçilik, ictimai iaşə və xidmət sektoruna özəl investisiyalar cəlb edilməlidir. Eyni zamanda, Ağdamın digər Qarabağ şəhərləri ilə vahid turizm marşrutlarına daxil edilməsi məqsədəuyğun olardı.

Ümumilikdə, Ağdamın gələcəyini yalnız tikilən binalar və yaradılan infrastrukturla ölçmək olmaz. Əsas məsələ şəhərdə dayanıqlı iqtisadi həyatın formalaşması, insanların daimi məşğulluğunun təmin edilməsi, sahibkarlıq mühitinin inkişafı və keçmiş məcburi köçkünlərin doğma torpaqlarında rahat yaşaması üçün hərtərəfli şəraitin yaradılmasıdır. Ağdam yenidən Qarabağın mühüm iqtisadi, sənaye və mədəni mərkəzlərindən birinə çevrilmək potensialına malikdir”.

Deputat sonda əlavə edib ki, bütün bunlar üçün dövlət investisiyaları ilə yanaşı, özəl sektorun fəallığı, yeni texnologiyaların tətbiqi və insan kapitalının inkişafı da vacibdir.

Aişə
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью