Arzuxan Əlizadə: Azərbaycan BƏƏ münasibətləri təkcə ikitərəfli diplomatik çərçivə ilə məhdudlaşmır

03.02.2026

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlər Azərbaycanın müstəqillik əldə etməsindən sonra formalaşıb".

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

O bildirib ki, BƏƏ 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyıb, 1992-ci ildən etibarən isə iki ölkə arasında diplomatik münasibətlər qurulub.

"Həmin dövrdən bu günə qədər münasibətlər artan dinamika ilə inkişaf etməkdədir. Hazırda bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Xüsusilə 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından sonra münasibətlər daha da dinamik xarakter alıb. Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev hazırda Birləşmiş Ərəb Əmirliklərində səfərdədir. Səfər çərçivəsində Prezident İlham Əliyev BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüş keçirib. Görüş zamanı ikitərəfli əməkdaşlığı ən yüksək səviyyəyə çatdıracaq məsələlər ətrafında geniş müzakirələr aparılıb", - deyə deputat qeyd edib.

A.Əlizadə əlavə edib ki, bu gün Azərbaycan-BƏƏ münasibətləri artıq təkcə ikitərəfli diplomatik çərçivə ilə məhdudlaşmır, həm də qlobal miqyasda siyasi və iqtisadi kontekstdə ciddi inkişaf nümayiş etdirir:

"Ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşdirilməsi, enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutları, investisiya imkanları və İslam dünyasında sabitliyin qorunması kimi məsələlər prioritet istiqamətlər sırasında yer alır. Bu sahələrin əksəriyyətində tərəflərin mövqeləri üst-üstə düşür və münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlib.

Xüsusilə son 5-6 ildə, İkinci Qarabağ müharibəsindən sonra Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərdə yeni dinamika müşahidə olunur. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma proseslərində BƏƏ-nin marağı və bu proseslərdə iştirakı ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir", - o deyib.

Deputat ölkə başçısının "Zayed İnsan Qardaşlığı" mükafatına layiq görülməsindən də söz açıb.

"Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı il üçün "Zayed İnsan Qardaşlığı" mükafatına layiq görülüb. Bu mükafatın məhz səfər çərçivəsində Prezidentə təqdim olunması nəzərdə tutulur. Dövlət başçılarının görüşündə iki ölkə arasında münasibətlərin strateji müttəfiqlik mərhələsinə keçməsi məsələsi də xüsusi diqqət mərkəzində olub".

Deputatın sözlərinə görə, Azərbaycan və BƏƏ hərbi müttəfiqlik sahəsində də ciddi irəliləyişlər əldə ediblər: "Bu istiqamətdə Müdafiə və Müdafiə Sənayesi nazirlikləri arasında əməkdaşlıq qurulub, eləcə də səfər çərçivəsində niyyət protokolları imzalanıb. Həmçinin, səfər çərçivəsində Bakı ilə Əbu-Dabi şəhərləri arasında qardaşlaşma münasibətlərinin yaradılması məsələsi də müzakirə olunub".

A.Əlizadə vurğulayıb ki, iki ölkənin Silahlı qüvvələri arasında keçirilən "Sülh Qalxanı - 2026" birgə əməliyyat-taktiki təlimləri xüsusi əhəmiyyət daşıyır:

"Bu təlimlər hər iki ölkənin Silahlı qüvvələri arasında operativ hərbi uyğunluğun inkişafına xüsusi töhfə verəcək. Bu əməkdaşlığın hərbi sahədə, iqtisadiyyat, logistika, nəqliyyat və digər sahələrdə olduğu kimi müdafiə sahəsində də gələcəkdə əməkdaşlığın davam etdirilməsinin vacibliyi dövlət başçıları tərəfindən vurğulanıb", - deyə o əlavə edib.

Sonda Arzuxan Əlizadə qeyd edib ki, Azərbaycan bu gün regionun lider dövləti olmaqla yanaşı, İslam dünyasında da böyük nüfuza malikdir:

"Prezident İlham Əliyevə xüsusi bir diqqət var. Azərbaycanın çoxvektorlu siyasəti, ölkənin siyasi və iqtisadi gücü İslam dünyasını Azərbaycana cəlb edib. Bu kontekstdə Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana və onun Prezidentinə artan diqqəti də məhz bu nüfuzla bağlıdır. Gələcəkdə Azərbaycan-BƏƏ münasibətlərinin daha yüksək səviyyədə inkişaf edəcəyi və əməkdaşlığın daha sıx formatda davam edəcəyi gözlənilir", - deputat fikrini tamamlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью