Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrın 8-də Azərbaycan Respublikasına rəsmi səfəri zamanı iki ölkə başçısı Şuşada mətbuata bəyanatlarla çıxış ediblər.
Çıxışı zamanı bir sıra məsələlərə toxunan Prezident İlham Əliyev bildirib ki, biz birlikdə daha da güclüyük "Böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi önəmli bir amildir. Bu, sabitlik, istiqrar, əməkdaşlıq, təhlükəsizlik amilidir.
Bir daha demək istəyirəm ki, əziz qardaşım, hörmətli Prezidentin sıx qrafikinə baxmayaraq, bu Zəfər Günündə burada, Qarabağda olması bütün dünyaya bizim birliyimizi bir daha göstərir. Əminəm ki, bu birlik əbədi olacaq.
Bilirəm ki, heç kimdə - nə Türkiyədə, nə Azərbaycanda bununla bağlı şübhə yoxdur. Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq. Hesab edirəm ki, bu tarixi səfərin əsas nəticəsi məhz budur".
Ölkə başçısı bildirib ki, ikitərəfli əlaqələr haqqında danışarkən bir çox məsələlər haqqında da danışa bilər:
"Bütün bu məsələlər bəllidir, siyasi, iqtisadi əlaqələr, sərmayə qoyuluşu, enerji, nəqliyyat dəhlizləri, Zəngəzur dəhlizi - bütün bunlar bu gün geniş müzakirə olundu. Amma hesab edirəm ki, səfərin əsas nəticəsi məhz dediyim kimidir, Türkiyə-Azərbaycan birliyi əbədidir və sarsılmazdır".
Bununla bağlı “Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri iki ölkə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin əhəmiyyətini bir daha gündəmə gətirib:
“Bu münasibətlər yalnız siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda ortaq tarixə, milli-mənəvi dəyərlərə və qarşılıqlı etimada əsaslanır.
Məhz 8 noyabr – Zəfər Günündə Türkiyə Prezidentinin Qarabağda, xüsusilə Şuşada Azərbaycan xalqı ilə birlikdə olması mühüm siyasi və mənəvi məna daşıyır.
Bu səfər həm də Azərbaycan-Türkiyə münasibətlərinin hər hansı fikir ayrılığından və ayrı-ayrı müzakirələrdən daha dərin tarixi təməllərə söykəndiyini nümayiş etdirdi. Son dövrlərdə iki ölkənin münasibətləri ətrafında süni müzakirələr yaratmağa, müəyyən məsələləri şişirdərək dövlətlərimiz arasında guya soyuqluq olduğunu göstərməyə çalışan dairələr vardı. Ərdoğanın səfəri və hər iki prezidentin Şuşada verdiyi bəyanatlar bu cür yanaşmalara aydın mesaj oldu".
Onun sözlərinə görə, Türkiyə və Azərbaycanı birləşdirən bağlar yalnız bugünkü siyasi münasibətlərdən ibarət deyil:
"Bu, əsrlərin sınağından çıxmış qardaşlıq, ortaq tarix, dil, mədəniyyət və milli maraqlar üzərində formalaşmış münasibətlərdir. 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək də bu qardaşlığın real təzahürü oldu. Şuşa Bəyannaməsi ilə münasibətlərimizin müttəfiqlik səviyyəsinə yüksəldilməsi isə bu əlaqələrin hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirdi. Hesab edirəm ki, Azərbaycan-Türkiyə münasibətlərini hansısa müvəqqəti məsələlər üzərindən qiymətləndirmək doğru deyil.
Dövlətlər arasında müəyyən məsələlər ətrafında fikir mübadiləsi və fərqli yanaşmalar ola bilər. Lakin bunlar iki xalqı birləşdirən tarixi bağları və strateji müttəfiqliyi kölgədə qoymamalıdır. Ən mühüm məqam odur ki, hər iki dövlətin rəhbərliyi münasibətlərin qorunmasına və daha da inkişaf etdirilməsinə sadiqliyini nümayiş etdirir. Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı bu gün olduğu kimi, gələcəkdə də regional əməkdaşlıq və təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyacaq".
Nigar Abdullayeva
"Cebheinfo.az"
Açar sözlər: Türkiyə-Azərbaycan Arzuxan Əlizadə
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin